Məhkəmə qərarları › İş №3(060)-125/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-125/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-125/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, 27.04.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Talverdiyev Səxavət Naqif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Talverdiyev Səxavət Naqif oğlu barəsində 27 oktyabr 2020-ci il tarixli HK-1/431 saylı material üzrə Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarı əsasında 26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Volkswagen Polo” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Talverdiyev Səxavət Naqif oğlu Sumqayıt şəhəri, M.Əsədov küçəsi, “Ən Ucuz” marketin qarşısında piyada X1 vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Talverdiyev Səxavət Naqif oğlunun barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 14.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 05 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, “Volkswagen Polo” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə üzü Koroğlu prospekti istiqamətində hərəkət edən zaman “Ən Ucuz” marketin qarşısında yolu soldan sağa keçən piyada X1 vuraraq ona ehtiyatsızlıqdan hərəkət məhdudluğu ilə müşayiət olunmuş bud-çanaq və bud nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Talverdiyev Səxavət Naqif oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin təhqiqatçısı, polis mayoru Sənan Aslanovun HK-1/431 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Talverdiyev Səxavət Naqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Talverdiyev Səxavət Naqif oğlunun barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Talverdiyev Səxavət Naqif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxs- X2 izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar