Məhkəmə qərarları › İş №3(060)-1253/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1253/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1253/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi ərazisində öz şəxsi nəqliyyat vasitəsini idarə edərkən svetaforun yaşıl işığı yandığı zaman svetaforu keçmişdir. DYP əməkdaşı onu saxlayaraq bildirmişdir ki, sarı işıqda keçmisiniz. Kamera görüntülərini təqdim etdikdə heç bir görüntü göstərməmiş, öz şəxsi telefonunda olan video görüntünü göstərmişdir. Videoya baxıb yol polisinə bildirmişdir ki, o yaşıl işıqda keçmişdir. Buna baxmayaraq DYP əməkdaşı protokol tərtib etmiş və 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətinin mahiyyətinə uyğun çıxış etmiş və həmçinin bildirmişdir ki, video görüntülərdən də görünür ki, o svetaforun sarı işığında keçmiş, o keçdikdən sonra svetaforun qırmızı işığı yanmışdır. Həmin vaxt onun kifayət qədər sürəti olduğu üçün svetaforun sarı işğında saxlaya bilməzdi. Göstərilən halı nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 12:13 radələrində “Mercedes Benz E220 CDİ minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində idarə edərkən svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-LX- *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində svetaforun sarı işığında keçmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə paralel, eyni sürətdə qara rəngli digər nəqliyyat vasitəsi də hərəkətdə olmuş, həmin avtomobil heç bir sərt tormozlama etmədən və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan svetaforun sarı işığında dayanmasına baxmayaraq, “Mercedes Benz E220 CDİ minik” markalı **-LX- *** dövlət qeydiyyat nişanlı avtomobil sürətini bir qədər də artıraraq svetaforun sarı işığında keçmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 12:13 radələrində “Mercedes Benz E220 CDİ minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində idarə edərkən svetaforun sarı işığında keçmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə paralel, eyni sürətdə qara rəngli digər nəqliyyat vasitəsi də hərəkətdə olmuş, həmin avtomobil heç bir sərt tormozlama etmədən və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan svetaforun sarı işığında dayanmasına baxmayaraq, “Mercedes Benz E220 CDİ minik” markalı **-LX- *** dövlət qeydiyyat nişanlı avtomobil sürətini bir qədər də artıraraq svetaforun sarı işığında keçmişdir. Göründüyü kimi X2 sarı işığı yandıqda kəskin tormozlamadan svetofor qarşısında dayana biləcəyi halda, hərəkətini davam etdirmişdir. Buna görə də Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİ hissəsinin 29-cu bəndinə əsasən svetaforun sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Həmin Qanunun 60-cı maddəsinin İV hissəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Qanunvericliyiliyin yuxarıda qeyd edilən normalarının təhlilindən də göründüyü kimi svetoforun sarı işığı yandıqda yalnız nəqliyyat vasitəsini kəskin tormozlamadan dayanma mümkün olmadıqda sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. İndiki halda isə sürücü X4 nəqliyyat vasitəsini kəskin tormozlamadan svetaforun qarşında dayana bilərdi. Bu hal yuxarıda qeyd edildiyi kimi video görüntülərlə də öz təsdiqini tapmışdır. Beləliklə də X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP7233183 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar