Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1255/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba Rayon Polis X12 Polisi Bölməsinin İXP7115003 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7239207 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə barəsində tətbiq edilmiş İXP7115003 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7239207 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində X4 məxsus olan “Opel Zafira” markalı, **-DE-*** nömrəli dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Quba şəhərində X13 küçəsindən dairəvi hərəkətə daxil olub, Bakı istiqamətinə hərəkət edərkən dairəyə daxil olanda dairədə 1.16.1-1.16.3 nişanlama xətti ilə nişanlanmış adacığın 1.16.1 və ya 1.16.2 nişanının olmasını bildirən heç bir işarə olmadığı üçün həmin nişanlama xəttinin sol tərəfinə daxil olaraq dairəvi hərəkətə daxil olmağa hazırlaşanda DYP əməkdaşları bu nişanın 1.16.1 yox 1.16.2 nişanın olduğu bildirmişlər. Sürücünün daha aydın başa düşməsi üçün lazımı yol nişanları quraşdırılmalıdır. Yəni 3.1 və ya 4.2.1-4.2.3 nişanı 1.16.1-1.6.3 nişanın ayrılma və ya birləşmə yerində qoyulmalı, ya da yerdə 1.13 və ya 1.1 nişanlama xətti olmalıdır ki, sürücü istiqaməti anlasın. DYP əməkdaşı heç bir nişanlama olmadığı təqdirdə və heç bir əsas gətirmədən yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən İXP7115003 nömrəli protokolu yazmışdır. Yol patrul inspektorunun vəzifə təlimatında Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili nəzərdə tutulmuşdur. Lakin, hərəkətin təşkili əvəzinə kənarda dayanıb onun düşdüyü tələyə digər sürücülərin də düşməsini gözləyir. Nişanlamanın tam olmaması səbəbindən sürücülər həmin tələyə düşürlər. O, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ödədiyi 136 manat məbləğində cərimə məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 bildirmişdir ki, həmin ərazidə “giriş qadağandır” nişanı yoxdur, birbaşa sola dönmə nişanı vardır, dairə ilə bağlı heç bir işarə qoyulmamışdır. Bundan başqa yerdə də üfiqi nişanlanma xəttləri yoxdur. Ona cərimə barədə məlumat gəlsə də, foto və ya video görüntü göndərilməmişdir. O, Quba Rayon Polis X12 Polisi bölməsindən şifahi olaraq video görüntüləri tələb etmiş, lakin həmin görüntülər ona təqdim edilməmişdir. O, Quba rayonu ərazisində cərimə edildiyi yerin şəkillərini çəkərək məhkəmə təqdim etmişdir. Həmçinin, qərar əsasında yazılmış cəriməni ödəmişdir ki, ona dəbbə pulu yazılmasın. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Quba Rayon Polis X12 Polisi Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, qərar qəbul etmiş şəxs X10 ilə xx.xx.2025-ci il tarixdə aparılmış telefon danışığı zamanı o, iclasda iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qeyd edilən inzibati tənbeh vermə haqqında qərar üzrə video görüntülərin hazırda mövcud olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Quba Rayon Polis X12 Polisi Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis X12 Polisi Bölməsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Quba Rayon Polis X12 Polisi Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025ci tarixli TP7239207 nömrəli qərarından görünür ki, X2 Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü olan inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etərək müvafiq sübutları verməmiş və ya qeyd edilən sübutlar məhkəməyə hər hansı digər formada təqdim edilməmişdir. Quba Rayon Polis X12 Polisi Bölməsinin İXP7115003 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7239207 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətala Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1. 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə onun tərəfindən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə qaydalarını pozmadığını, Quba rayonunda həmin ərazidə “giriş qadağandır” nişanının olmadığını, birbaşa sola dönmə nişanı olduğunu, dairə ilə bağlı heç bir işarə qoyulmadığını bildirmişdir. Bundan başqa, yerdə də üfiqi nişanlanma xəttlərinin olmadığını qeyd etmişdir. Bununla yanaşı inzibati tənbeh vermə haqqında elektron qərara inzibati xəta ilə əlaqədar foto və ya video görüntü barədə sənədlər əlavə edilməmiş, məhkəmənin sorğusuna cavab verilməmiş, qərar qəbul etmiş şəxs A.İbişov şifahi qaydada foto və ya video görüntünün qalmadığı bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərara foto və ya video görünütü əlavə edilmədiyindən, qeyd edilən ərazi Quba rayonunda yerləşdiyindən həmin əraziyə yerli baxış keçirilməsi mümkün olmadığından İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təsvir olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Polis X12 Polisi Bölməsinin İXP7115003 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7239207 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin olunsun. Quba Rayon Polis X12 Polisi Bölməsinin İXP7115003 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7239207 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Polis X12 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1255/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1255/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver