Məhkəmə qərarları › İş №3(060)-1256/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1256/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1256/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi: X2, Qərardan şikayət vermiş şəxs: Babayev Sərxan Cavadağa oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi: X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 Cavadağa oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X8 Cavadağa oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin MN ******* saylı, 12 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə Babayev Sərxan Cavadağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin gəldiyi nəticəyə əsasən Babayev Sərxan Cavadağa oğlu tərəfindən vətəndaş Şahid2 Əliyas oğlunu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Lakin bu qərarda bunun hansı dövrü əhatə etməsi qeyd edilməmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki bu qərar tamamilə əsassız və qərəzlidir. Belə ki, bu məsələ ilə bağlı dövlət qurumu heç bir araşdırma aparmamışdır. Belə ki, araşdırma aparılmış olsa idi yuxarıda qeyd olunan vətəndaşla vəzifəli şəxs arasında hər hansı əmək müqaviləsinin mövcud olmaması və dolayısı ilə mövcud olmayan müqavilənin hüquqi qüvvəyə minmə məsələsinin mümkün olmaması aydın olaraq görülərdi. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, mübahisələndirilən qərardan görünür ki, bu qərar Əmək müfəttişliyi tərəfindən hər hansı araşdırma aparılmadan yalnız digər orqanın məktubu əsasında tərtib edilmişdir. Həmçinin təqdim edilmiş protokola və inzibati qərara inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Belə ki, nə vətəndaşların, nə də barəsində protokol və qərar çıxarılan şəxslərin izahatları alınmamışdır. Hazırki mübahisədən aydın olur ki, Əmək müfəttişliyi qanunun müddəalarını yalnış tövsif edərək vəzifəli şəxsə İXM-nin 192.1-ci maddəsini tətbiqq etmiş və cərimələmişdir. Belə ki, maddənin dispozisiyasından da görünür ki, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş olmalıdır ki, cərimə tətbiq dairəsinə düşsün əməl. Demək ki, əmək müqaviləsi mövcud olmalıdır ki, sistemə işlənməmiş olsun və bununla da əməl təsdiqini tapsın. Halbuki bu vətəndaşlar həmin gün işə alınma məqsədilə gəlmiş və təbii ki, onlarla əmək müqaviləsi bağlanmamışdır. Bu halda hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsinin tətbiq edilməsi qanuna uyğun deyil və dolayısı ilə tərtib edilmiş Qərar qanuna uyğun olmadığı üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə təyin olunmuşdur. Lakin bu məktub onlara çox gec çatddırıldığına görə bu barədə məlumatlı olmamışlar və təbii ki araşdırmada iştirak edə bilməmişlər. AR. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional şöbəsinin MN ******* saylı, 12 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarım ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs Babayev Sərxan Cavadağa oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, “Global Education” adlı yeri fevral ayında icarəyə götürüb işlətməyə başlamışdır. Ondan əvvəl də qeyd olunan yer təhsil mərkəzi kimi fəaliyyət göstərirdi. Şahid2ı Yevlaxdan dostu vasitəsi ilə çağırmışdır, o, yeməkxana işinə baxacaqdı. Lakin bir-iki gün onun işi götürüb-götürməməsinə nəzər yetirəcəkdi. O, ayın 21-i icarə müqaviləsi üçün müraciət etmiş, sistemə ayın 28-i yerləşdirilmiş, ayın 27-si isə onlara yoxlama gəlmişdir. O, izah etməyə çalışmışdır ki, hələ bina onun üzərinə sənədləşməmişdir, bu halda kimləsə əmək müqaviləsi bağlaması mümkün deyildi. Qeyd olunan şəxsləri sınaq məqsədi ilə qəbul etmişdir ki, işə götürübgötürməməsi məsələsini aydınlaşdırsınlar. Şahid2 həyəcanlı olduğundan polis idarəsində düzgün izahat verməmişdir. Məhkəmədən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X4 izahatında göstərdi ki, şikayət tam əsassızdır. Belə ki, şəxs özü də bildirir ki, Şahid2 orada olmuş, polis yoxlama keçirən zaman da həmin şəxsin əmək müqaviləsi olmamışdır. Həmin şəxs özü də izahatında göstərmişdir ki, o yanvar ayından burada işləyir, yataqxanada qalır, həm də orada 18 nəfər şagird var, onların qiymətlərini verir. Şəxs özü yanvar ayından orada işləməsini birbaşa göstərmiş, polisdə ona qarşı hər hansı təsir olmadığını bildirmiş, izahatını öz xətti ilə yazmış və izahatın sonunda da qeyd etmişdir ki, özüm yazdım və təsdiq edirəm. Həmçinin həmin dövrdə şəxs bilməmişdir ki, bu gələcəkdə işəgötürən üçün məsuliyyət yarada bilər. Beydulla da şikayət vermiş şəxsin qardaşıdır. O da birbaşa göstərmişdir ki, kursda işlərə nəzarət edir, qardaşı ilə birlikdə işləyirlər, eyni zamanda uşaqların suallarını cavablandırır. Bu o deməkdir ki, o, müəllim kimi fəaliyyət göstərir və həm də nəzarət prosesini həyata keçirir. Həmçinin qeyd edir ki, rəhbər də Sərxandır. Bununla da tərəflərindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Babayev Sərxan Cavadağa oğlu onun müdürüdür. Onun kursunda qabyuyan işləyir. Onunla 2025-ci ilin fevral ayında əmək müqaviləsi bağlanmışdır. O, iş danışmaq üçün gəlmiş, həmin gün polis gələrək yoxlama keçirmiş, həmin vaxt onun əmək müqaviləsi olmamışdır. O, gəldiyi vaxt orada uşaqlar olmuş, o, yalnız rəhbər kimi Sərxanla danışmışdır. Həmçinin orada Sərxanın qardaşı Beydulla da olmuşdur. Onun orada nə işlə məşğul olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, izahat verdiyi vaxt qardaşı ilə işləməmiş, həmin vaxt Xaçmazdan sadəcə onun yanına gəlmişdir. Gəldikdən yarım saat keçmiş polislər gəlmiş, ondan nə işlə məşğul olmasını soruşmuş, o da tez-tez qardaşının yanına gəldiyini, arabir qardaşı olmadıqda buraya nəzarət etdiyini demiş, ona izahatında nəzarətçi olduğunu yazmasını demişlər, o da nəzarətçi olmadığını, qardaşı olmadıqda nəzarət etdiyini, mütəmadi olaraq burada olmadığını bildirmişdir. O, kursda müəllim kimi dərs keçməmiş, sadəcə uşaqların suallarına cavab vermişdir. Orada müəllim kimi işləyənlərdən Samir adlı müəllimi xatırlayır. Məhkəmə şikayət vermiş şəxsin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Babayev Sərxan Cavadağa oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şahid2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, 2025-ci ilin yanvar ayından Sumqayıt şəhərində yerləşən Sərxanın yataqxanasında aşpaz işləyir və 300 manat aylıq maaş alır. Əmək müqaviləsi yoxdur.Hal-hazırda da həmin yataqxanada yatılı olaraq qalır. - Şahid1 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, 2023-cü ildən Sumqayıt şəhərində yerləşən qardaşı sərxanın rəhbərlik elədiyi kursa gəlib gedir, yataqxanada qalan uşaqlaırn dinlə bağlı suallarına cavab verir. Hazırda isə yataqxanada bütün prosesə nəzarət edir. Hazırda qardaşı sərxan ilə bərabər bu kursda işləyir və qardaşı Sərxan bu kursun müdürüdür. - Babayev Sərxan Cavadağa oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən 05 may 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və MN ******* saylı, 12 may 2025-ci il tarixli qərarla Babayev Sərxan Cavadağa oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Babayev sərxan Cavadağa oğlunun barəsində AR İXM-nin 192.1-ci maddəsi tədbir görülməsi üçün X5 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. - 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərardan şikayət vermiş şəxs Babayev Sərxan Cavadağa oğlunun və şahidlərin izahatlarını dinləyərək onların verdikləri izahatları, iş materialları və işin halları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət vermiş şəxsin məhkəmə iclasında törətmiş olduğu inzibati xətqanı qəbul etməməsi şəxsin inzibati məsuliyyətdən yayındırmaqla özünümüdafiə xarakteri daşıması məqsədi daşıyır.Çünki şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Babayev Sərxan Cavadağa oğlu Şahid2 və Şahid1 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, Şahid2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş izahatdan görünür ki, 2025-ci ilin yanvar ayından Sumqayıt şəhərində yerləşən Sərxanın yataqxanasında aşpaz işləyir və 300 manat aylıq maaş alır. Əmək müqaviləsi yoxdur. Hal-hazırda bu yataqxanada yatılı olaraq qalır. Həmçinin qərardan şikayət vermiş şəxs Babayev Sərxan Cavadağa oğlu məhkəmə iclasında rəsmi olaraq icarə müqaviləsinin xx.xx.2025-ci il tarixdə qüvvəyə mindiyini qeyd etmiş, lakin şahid qismində dindirilmiş Şahid1 həmin tarixdən əvvəl də oraya gəlibgetdiyini, eyni zamanda orada nəzarət funksiyasını yerinə yetirdiyini bildirmiş, xx.xx.2025ci il tarixdə vermiş olduğu izahatında da qeyd etmişdir ki, 2023-cü ildən Sumqayıt şəhərində yerləşən qardaşı Sərxanın rəhbərlik etdiyi kursa gəlib gedir və yataqxanada qalan uşaqların dinlə bağlı yaranan suallarına cavab verir. Hazırda isə yataqxanada bütün prosesə nəzarət edir. Hazırda qardaşı Sərxan ilə bərabər bu kursda işləyir və qardaşı Sərxan kursun müdürüdür. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Göstərilən hallar Şahid2 və Şahid1 Babayev Sərxan Cavadağa oğlu tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini deməyə əsas verir. Qərardan şikayət vermiş şəxs tərəfindən isə şikayətin əsaslı olmasına, eyni zamanda əmək müqaviləsi olmadan Şahid2 və Şahid1 işlərə Babayev Sərxan Cavadağa oğlu tərəfindən cəlb edilməməsini təsdiq edəcək dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. - 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. - 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə Babayev Sərxan Cavadağa oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 12 may 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə Babayev Sərxan Cavadağa oğlunu 3000 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Babayev Sərxan Cavadağa oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar