Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1258/2025 10.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin etibarnamə üzrə səhiyyətli nümayəndəsi X3, Qərardan şikayət verən şəxs X8 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından X17 verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Ağayev Aqil Ədalət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Aqil Ağayev şikayətlə məhkəməyə müraciət edərək inzibati qaydada cərimə edilməsi haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Aqil Ağayev şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X22 şöbəsinin gəldiyi nəticəyə əsasən, o, vətəndaş X9, X12, X10 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Qeyd edir ki, buna baxmayaraq bu qərarda bunun hansı dövrü əhatə etməsi qeyd edilməmişdir. Belə görünür ki, inzibati tənbeh tətbiq edən dövlət qurumu bütün araşdırmanı apararaq ədalətli nəticəyə gəlmiş olduğunu düşünür. Halbuki, bu qərar tamamilə əsassız və qərəzlidir, bu məsələ barədə dövlət qurumu heç bir araşdırma aparmamışdır. Araşdırma aparılmış olsa idi, yuxarıda qeyd olunan vətəndaşlarla vəzifəli şəxs arasında hər hansı əmək müqaviləsinin mövcud olmaması və dolayısı ilə mövcud olmayan müqavilənin hüquqi qüvvəyə minmə məsələsinin mümkün olmaması aydın olaraq görünərdi. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mübahisələndirilən qərardan görünür ki, bu qərar Əmək müfəttişliyi tərəfindən hər hansı araşdırma aparılmadan yalnız digər orqanın məktubu əsasında tərtib edilmişdir. Həmçinin təqdim edilmiş protokola və inzibati qərara inzibati xətanın nə vaxt törədilməsini və bu xətanın kim tərəfindən hansı yoxlama nəticəsində aşkar edilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamışdır. Belə ki, nə vətəndaşların, nə də onun izahatları alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, 05 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Aqil Ağayev izahatında bildirmişdir ki, 2011-ci ildə VÖEN aralaq hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. ünvan 1 ünvanında yatılı hazırlıq kursu təşkil etmişdir. Lakin təxminən 2024-cü il avqust ayında ********** saylı VÖEN-lə fəalliyyəti özünün müraciəti əsasında dayandırılmışdır. O, kursun fəaliyyətini bərpa etmək üçün işçi axtarmışdır. Yoxlama keçirilən gündən 2 gün əvvəl kurs yenidən fəaliyyətə başlamışdır. Yoxlamaya X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin 6 nəfər nümayəndəsi gələn zaman obyektdə 3 nəfər 13-14 yaşlarında şagird, 3 nəfər müəllim - X9, X10, X6 və 1 nəfər aşbaz qadın - X13 olmuşdur. Kursda olan uşaqların valideynləri orada olmasalar da, övladlarının kursa gəlmələri ilə bağlı valideynlərinin razılıqları alınmışdır. Valideynləri uşaqları kursa səhər gətirmiş, axşam saat 7 radələrində gəlib aparmalı idilər. Kursun ərzaq təminatı məsələsi özü tərəfindən həyata keçirilmişdir. Kursda işə qəbul üçün gələn müəllim namizədlər Sumqayıt şəhər sakinləri olmuşlar. Polis əməkdaşları orada olarkən valideynlərdən biri gələrək övladını oradan aparmışdır. Polis əməkdaşlarına izahat verərək kursda olan şəxslər barəsində məlumat vermişdir. Bildirir ki, müəllimlər qorxudan ziddiyyətli izahatlar vermişlər. Müəllimlərlə müqavilə bağlamama səbəbi onlara özlərini işdə doğrultmaq üçün vaxt verməsi olmuşdur. Kurs üçün tələbələr aylıq 150 manat məbləğində vəsait ödəmişlər. Ödəniş hər təqvim ayının sonunda ödənilməli idi. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya təsir olmamışdır. Həmin şəxslərlə müqaviləni təxminən onlar işləməyə başlayandan 3-4 gün sonra bağlamağı planlaşdırmışdır. Qeyd edilənlərə əsasən mübahisələndirdiyi qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin etibarnamə üzrə səhiyyətli nümayəndəsi Elçin Əliyev bildirdi ki, polis əməkdaşları tərəfindən keçirilən 27 fevral 2025-ci il tarixli reydlə müəyyən edilmişdir ki, Aqil Ağayev tərəfindən təşkil edilmiş Sumqayıt şəhərində yerləşən kurs yatılıdır, həmin obyektdə 3 nəfər müəllim və bir nəfər aşbaz qadın əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Həmin şəxslərin polis əməkdaşları tərəfindən izahatları alınmışdır. Həmin şəxslərdən biri orada yatılı olaraq qalır. Sonuncular kursa saat neçədə gəlib-getdiklərini izahatlarında qeyd etmişlər. Aqil Ağayev öz izahatında oktyabrın 24-dən sahibkarlıq fəaliyyətinin dayandırılması barədə aidiyyatı orqana arayış verdiyini bildirmişdir. Lakin Qanunun tələblərini nəzərə alaraq, Aqil Ağayevin hərəkəti qanunsuzdur. Belə ki, sonuncunun izahatından məlum olur ki, o 24 oktyabr 2025-ci ildə sahibkarlıq fəaliyyətinin dayandırılması barədə aidiyyatı orqana arayış versə də, daha sonra faktiki fəaliyyət göstərməyə davam etmiş, beləliklə həmin arayış qanuni qüvvədən düşmüşdür. Aqil Ağayev barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarın qanuni olduğunu və qərarın ləğv edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Cinayət işinin başlanmasını rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahmar Səfərov tərəfindən qəbul edilmiş qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Sumqayıt şəhəri 20-ci mkr ev-224A ünvanında müəllim fəaliyyəti ilə məşğul olan X9, X14, X10, X1 əmək müqaviləsi olmadan fəailiyyət göstərdikləri üçün işəgötürən xx.xx.1983-cü il təvəllüdlü Ağayev Aqil Ədalət oğlu barəsində İXM-nin 192.1-ci maddəsi ilə tədbir görülməsi üçün DƏMX-nin X22 Şöbəsinə göndərilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “fiziki şəxsin uçotu haqında” şəhadətnaməyə əsasən, Aqil Ağayev 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2011-ci il tarixdən uçota alınmışdır. Aqil Ağayev Sumqayıt ŞPİ-də verdiyi izahatında Sumqayıt şəhər ərazisində “İnci” qızlar hazırlıq kursunun rəhbəri kimi fəaliyyət göstərdiyini, kursda 3 müəllimin fəaliyyət göstərdiyini və kursun rəhbərinin özü olduğunu bildirmişdir. X11 adlı şəxs Sumqayıt ŞPİ-də verdiyi izahatında 2025-ci ilin yanvar ayından ünvan 3 ünvanında yerləşən rəhbəri Aqil Ağayev olan “İnci” qızlar kursunda razılaşmaya əsasən aylıq 300 manat əmək haqqı müqabilində müəllim kimi fəaliyyət göstərdiyini bildirmişdir. X9 adlı şəxs Sumqayıt ŞPİ-də verdiyi izahatında “İnci” qızlar hazırlıq kursunda 3 ildir ki, aylıq 400 manat əmək haqqı müqabilində azyaşlı uşaqlara Qurani Kərimdən dərs dediyini, kursun rəhbərinin və onu işə qəbul edən şəxsin Aqil Ağayev olduğunu bildirmişdir. X10 adlı şəxs Sumqayıt ŞPİ-də verdiyi izahatında “İnci” qızlar kursunun rəhbərinin Aqil Ağayev olduğunu kursda ingilis dili fənnindən dərs dediyini, işə onu Aqil müəlimin qəbul etdiyini, kursda 4 nəfər daimi şagirdi olduğunu bildirmişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib tərəflərin çıxışlarını, təqdim edilmiş və iş materiallarında olan sənədləri biri digəri ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Normaların məzmunundan aydın olur ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir və bundan sonra tərəflər arasında əmək hüquq münasibətləri yaranır. İXM-nin 192.1-ci maddəsində əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X8 məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, sonuncu məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermiş, izahatı özünümüdafiə xarakteri daşıyır. Belə ki, o, həm məhkəmə araşdırması zamanı, eyni zamanda Pİ-də verdiyi izahatında törətmiş olduğu inzibati xətanı tam etiraf etmişdir. Aqil Ağayev izahatında bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, təşkil etdiyi yatılı kursa müəllim və aşbaz vəzifələrinin icra edilməsi üçün cəlb etdiyi şəxslərlə əmək müqaviləsi bağlamaq niyyətində olsa da, əmək müqaviləsi bağlamadan öncə onların işini qiymətləndirmək üçün bir neçə gün gözləmək qərarına gəlmiş, bundan sonra əmək müqaviləsi bağlayıb-bağlamayacağını düşünəcəyini bildirmişdir. Lakin məhkəmə araşdırması nəticəsində Aqil Ağayevin qeyd etdiklərinin tam əksi məhkəmə iclasında sübuta yetirilmişdir. Belə ki, Sumqayıt ŞPİ-də aparılmış araşdırma zamanı izahatları alınan adları yuxarıda sadalanan şəxslər artıq uzun müdətdir ki, rəhbəri Aqil Aağayev olan “İnci” qızlar hazırlıq kursunda fəaliyyət göstərdiklərini, bunun müqabilində hər biri fərqli məbləğlərdə əmək haqqı aldıqlarını, onları işə Aqil Ağayevin götürdüyünü bildirmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, adları yuxarıda sadalanan izahatı alınmış şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürüən X16 tərəfindən “İnci” qızlar hazırlıq kursunda işlərin və xidmətlərin yerinə yetrilməsinə cəlb edilmiş, nəticədə sonuncu tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Aqil Ağayev barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. O, qanunun yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4, X5, X2 və X7 işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağayev Aqil Ədalət oğlunun şikayəti təmin edilməsin. Ağayev Aqil Ədalət oğlunun Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsi barədə X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati cərimə tənbeh tədbiri haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1258/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1258/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver