Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1268/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvar Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Naxçıvar Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 26 may 2025-ci il tarixli, İXP7153934 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 may 2025-ci il tarixdə saat 18:47 radələrində “Honda Civic” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Qurd Bazarı yaşayış massivində idarə edərək Sumqayıt şəhəri M.Əsədov küçəsinə daxil olarkən nizamlanmayan yol ayrıcında “stop” nişanının tələbini gözləmədən əsas yola çıxmış və M.Əsədov küçəsi ilə hərəkətdə olan X3 idarə etdiyi “Ford Fusion” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi 700-800 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs sürücülük vəsiqəsi olsa da, onun sürücülük hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılmış və sonuncu sürücülük vəsiqəsini təqdim etmədiyi üçün İXM-in 153.3cü maddəsinə əsasən həmin müddətin axımı başlamamışdır. Yəni, hadisə törədildiyi 20 may 2025-ci il tarixdə Şəxs sürücülk hüququ məhdudlaşdırılmış olmuşdur. Hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, sürücülərin izahatları alınmışdır. Zərərçəkmiş şəxs də X9 şöbəsində izahat yazmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onun sürücülük hüququ vardır, lakin sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatsız olmuşdur. O, “stop” nişanının tələbinə əməl edərək yola daxil olmuş, yəni ilk öncə dayanıb gözləmiş, sonra hərəkətə başlamışdır. Lakin, əsas yola çıxarkən solda olan olan digər nəqliyyat vasitəsi onu sıxdığı üçün əsas yolda olan “Ford Fusion” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf istiqamətlənmiş və həmin an qəza baş vermişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şimal Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsindən xəbərsiz olmuşdur. Bu səbəbdən də onun əməlində 332.4-cü maddəsinin tərkibi yaranmamışdır. Göstərilən halları nəzər alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etiraf edici izahatı, yol-nəqliyyat hadisəsinin sxemi, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 may 2025-ci il tarixli, İXP7153934 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 20 may 2025-ci il tarixdə saat 18:47 radələrində “Honda Civic” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Qurd Bazarı yaşayış massivi ilə Sumqayıt şəhəri, M.Əsədov küçəsinin kəsişməsində idarə edən zaman yol hərəkət qaydalarını pozaraq X3 idarə etdiyi “Ford Fusion” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-1086/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)- 1086/2021 saylı qərarı əsasında Şəxs sürücülük vəsiqəsini təqdim etmədiyi üçün həmin müddətin axımı başlamamış və onun 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərar hazırda icra edilməmişdir. İş materiallarında olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “Honda Civic” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Qurd Bazarı yaşayış massivində idarə edərək Sumqayıt şəhəri M.Əsədov küçəsinə daxil olarkən M.Əsədov küçəsi ilə hərəkətdə olan “Ford Fusion” markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla iki azyaşlı uşağı var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini və evli olmaqla iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1268/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1268/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver