Məhkəmə qərarları › İş №3(060)-1270/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1270/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1270/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şamaxı rayon Məhkəməsinin 2(074)-70/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 16080 manat aliment borcunu üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymamış, тəticədə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Orxan Məmmədov izahatında bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-70/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi 06 aprel 2020-ci ildə icra idarəsinə daxil olmuş və icraata başlanılmışdır. Borclu şəxsə icra sənədi barədə könüllü bildirişlər göndərilsə də, o icra məmurunun qanuni tələblərinə məhəl qoymamış, dəfələrlə idarəyə dəvət olunsa da, çağırışlara gəlməmişdir. Borclu barəsində qəbul edilmiş axtarış qərarına əsasən sonuncu polis orqanları tərəfindən idarəyə təhvil verilmiş izahatı alınaraq hüquq və vəzifələri ona elan edilmişdir. Borclu müəyyən müddət sonra borcunu ödəyəcəyi barədə tələbkarla şihafi razılığa gəlmişdir. Borclu pis vərdişlərə aludə olmuş məhz bu səbəbdən alimenti ödəməmişdir. Axtarışda olan borclu 26 may 2025-ci il tarixində idarəyə gətirilmiş, 2019-cu ildən bu günə kimi borclu tərəfindən tələbkara heç bir ödəniş edilmədiyindən barəsində protokol tərtib edilmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında bildirmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, gündəlik 30-40 manat narkotik vasitə almaq üçün vəsait xərcləmişdir. Hazırda 3-4 ildir ki, narkotik vasitə istifadə etmir, belə ki, 2021-ci ilin sonunda müalicə almağa başlamışdır. Ailəsi məhz pis vərdişlərinə görə dağılmışdır. Hazırda işləmir və valideynləri ilə birlikdə kirayə mənzildə yaşayır. Bildirir ki, ona vaxt verilərsə, növbəti aydan etibarən borcundan ödəniş edə bilər. Əməlindən peşmandır, qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil borclunun aliment borcundan hər ay hissə-hissə ödəniş edəcəyinə vəd etdiyini bildirərək barəsində tərtib olunmuş protokola xitam verməsini xahiş etmişdir . İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-70/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 30 oktyabr 2019-cu il tarixdən başlayaq birgə nigakdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Nigar Ağayeva, xx.xx.2015-ci il təvəllüdlü Mələk Ağayeva və xx.xx.2017-ci il təvəllüdlü Fərhad Ağayevin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Elektron İcra İnformasiya sistemindən müəyyən edilir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs qanunvericiliyin göstərilən tələblərini pozaraq müxtəlif əsassız bəhalər gətirərək icra sənədini üzrsüz səbəbdən qanunla müəyən edilmiş vaxtda uzun müddətdə, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq icra etməmiş, nəticədə tələbkara 16080 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Göründüyü kimi icra məmuru tərəfindən aliment borcunun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X2 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun, borclunun vermiş olduğu izahatı, o cümlədən icra sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur, onun məsuliyyətdən azad edilməsi üçün hər hansı hal məhkəmə iclasında müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və uzun müddət olmaqla kifayət qədər böyük məbləğdə yığılmış alimenti heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 27 may 2025-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 may 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olduğu andan 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar