Məhkəmə qərarları › İş №3(060)-1272/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1272/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1272/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 27 may 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5076/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən 2 uşaq üçün 300 manat aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu üzrsüz səbəbdən icra etməmiş, nəticədə 3688 manat borc yığılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Həmçinin borclu da qərar və bildirişlə tanış olmuş, 2021-ci ilin dekabr ayında tələbkar ərizə ilə müraciət edərək hər ay 250 manat ödəniş edilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. Lakin bu vaxta qədər borclu tərəfindən 250-300 manat məbləğində ödənişlər olunsa da bu günə borc yığılmışdır. Tələbkar da şikayət etdiyi üçün borclunu bir ay əvvəl çağırmış, izahatını almışdır. Bu gün də borclu barəsində protokol tərtib olunub məhkəməyə təqdim olunmuşdur. Borclu aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, fəhlə işləyir, imkanı yoxdur, yalnız hissəhissə ödəniş edə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, borclu mütəmadi aliment ödənişi etmir. Borcunu ödəmədiyi halda borclunun həbs edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsi, barəsində protokol tərtib olunmuş şəxsi, zərərçəkmiş şəxsi və müdafiəçini dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5076/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 25 may 2021-ci il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmasl üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat miqdarında aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. - Sumqayıt şəhər Məhkəməsinin 8(060)-450/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(060)- 5076/2021 saylı qətnaməsi ilə 07 may 2012-ci il təvəllüdlü X6 və 28 oktyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0,6 misli miqdarında (hazırda bir uşağa görə 400 x 0.6=240 manat) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. İcra sənədi üzrə aliment borcunun yaranması borclunun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-ci maddəsindən görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımi qaydada ödəniş etmədiyini, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar