Məhkəmə qərarları › İş №3(060)-1275/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1275/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1275/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, xx.xx.1958-ci il tarixdə Şabran rayonu, Hacışəkər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Seyfulla və Kövsər MMCdə baş mexanik-üzən tərsanələr qrupu rəisinin birinci müavini vəzifəsində çalışan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2363771 saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, Tuq zavod yaşayış massivi ərazisində yerləşən "xxxx" MMC-ə məxsus dəri emalı sexində formalaşan çirkab tullantı sularının təyinatsız olaraq ətraf əraziyə axıdılması faktı aşkar edilmişdir . Bu fakt xx.xx.2025-ci il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək aktlaşdırılmış, müvafiq fotoşəkillər çəkilmiş və şəxsin izahatı alınmışdır. Daha sonra isə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında iştirak etməyən protokolu tərtib etmiş orqanının nümayəndəsi lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, sözügedən ərazidə xətlərdə müvəqqəti nasazlıqların baş verməsi səbəbindən çirkab suları ətraf əraziyə axıdılmışdır. Hal-hazırda tərəfindən çirkab suları axan xətlərdə baş vermiş texniki nasazlıqlar aradan qaldırılmış, çirkab suların ətraf əraziyə axması hallarının qarşısı alınmışdır. O özünü təqsirli bilir və bir də belə halların baş verməyəcəyinə dair söz vermişdir. Növbəti məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxsin lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında şəxsin etiraf edici izahatı mövcuddur, həmçinin məhkəmə iclasında da əməlini etiraf etmişdir. Həmçinin iş materiallarında olan fotoşəkillər, akt və inzibati xəta haqqında protokolla inzibati xətanın törədilməsi öz təsdiqini tapır. İş materiallarında olan "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 91358 nömrəli aktdan görünür ki, 21 may 2025-ci il tarixində Sumqayıt şəhəri, Tuq zavod yaşayış massivi ərazisində yerləşən "xxxx" MMC-ə məxsus dəri emalı sexində formalaşan çirkab tullantı sularının təyinatsız olaraq ətraf əraziyə axıdılması faktı aşkar edilmişdir. Akt Şəxs tərəfindən də imzalanmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, sonuncu sözügedən faktın olmasını təsdiq etmiş və hazırda çirkab tullantı sularının ətraf əraziyə axması hallarının qarşısının alındığını bildirmişdir. İş materiallarından Seyfulla Kövsər” MMC-nin direktoru Reyhan Hüseynovanın məktubundan görünür ki, Şəxs MMC-ə məxsus dəri emalı sexində texniki işlər üzrə xx.xx.2024-cü il tarixli 15 saylı əmrlə mexanik təyin edilmiş və kanalizasiya, komunikasiya xətlərinin istismar qaydalarının əməl olunmasına cavabdeh şəxs təyin edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmçinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda “77. Məcəllənin 229, 251.3, 262, 263, 264.0.2, 264.0.3 və 264.0.5 ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Agentlik yanında Suların İstifadəsinə və X1 Xidmətinin yerli bölmələrinin rəhbəri, onun müavini, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.” məzmununda dəyişiklik edilməsinə baxmayaraq, sözügedən inzibati xəta hadisəsi ilə bağlı protokol tərtib edilən zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlərin məsləhətçi-müfəttişi X2 həmin vaxt protokol tərtib etmək səlahiyyəti mövcud olmuşdur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar