Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1279/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Qubadlı rayonu, Yuxarı Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qubadlı rayonunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024 saylı icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X3 izahatında bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-215/2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. İcraata başalama haqqında qərar qəbul edildikdən sonra tələbkar alimentin ödənilməməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Borclu dəfələrlə icra idarəsinə çağrılsa da, idarəyə gəlməkdən boyun qaçırdığı üçün barəsində axtarış qərarı çıxarılmışdır. Axtarış qərarından sonra borclu icra idarəsinə yaxınlaşmış və alimentlə bağlı etmiş olduğu ödəniş qəbzlərini ona təqdim etmişdir. Həmin vaxt tələbkar ərizə verərək borclu şəxs barəsində protokol tərtib olunmasını istəməmişdir. Borclu tərəfindən bir müddət ödənişlər həyata keçirilmişdir. Son aylarda ödənişlər etmədiyi üçün tələbkar yenidən ərizə ilə müraciət etdiyi üçün borclu şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu barəsində axtarış qərarı olduğu müddətdə borclu tərəfindən 300 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Hazırda borclu şəxsin 1860 manat aliment borcu yaranmışdır. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, üç ildir ki, onlar ayrı yaşayırlar. O, bu müddət ərzində borcludan uşaqların saxlanması üçün maddi köməklik istəsə də, borlu şəxs ona yalnız rəsmi nikahları pozulduğu halda aliment ödəyəcəyini bildirirdi. Nikahları pozulduqdan sonra onların rəsmi nikahlarından iki övladları olsa da, o, bir uşağa görə aliment tələb etmiş və məhkəmə balaca uşağına görə onun xeyrinə aliment kəsmişdir. Aliment kəsilən vaxtdan borclu heç vaxt aliment məbləğini tam ödəməmiş, hər ay 20-30 manat ödənişlər etmişdir. Hazırda o, yaranmış aliment borcu tam tələb edir. Ödənmədiyi halda borclu barəsində həbslə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda aliment borcunun yığılmasına səbəb onun xəstə olması və xəstə olduğu üçün işə çıxmaması olmuşdur. O, işlədiyi müddətədə hər ay ən azı 150 manat məbləğində ödənişlər etmişdir. Hazırda da, o, borcunu tam ödəməyə maddi imkanı çatmır. Lakin buna baxmayaraq, o, hazırda borcundan 150 manat ödəyə bilər. Onun rəsmi işi yoxdur, fəhləlik etməklə pul qazanır. Hazırda 1860 manat aliment borcunu vaxt verilərsə hissə-hissə ödəniş edə bilər. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Ödənişin olmaması onun iradəsindən asılı olmayan səbəbdən, yəni maddi vəziyyətinin pis olması ilə bağlı olmuşdur. Göstərilən halları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-215/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-215/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il və xx.xx.2025ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-215/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş üzə 27 may 2024-cü ildə icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş 27 may 2024-cü il tarixdə rəsmi qaydada borclunun ünvanına göndərilmişdir. Lakin, borclu ödənişləri tam etmədiyi üçün onun bu günə kimi 1860 manat aliment borcu yığılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 29 may 2025-ci il tarixdən saat 10:35-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 29 may 2025-ci il tarixdən saat 10:35dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1279/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1279/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver