Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1283/2025 20.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli EQ28221830 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi ** TK *** dövlət nişanlı avtomobilinə hər zaman sola döndüyü küçədə (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi) kamera vasitəsiylə elektron protokol (EQ ********) tərtib olunmuşdur. Bu protokol əsasında ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini iddia edərək 100 manat cərimə yazılışdır. Qeyd etmək istəyir ki, qeyd olunan ərazidə sola dönüşə icazə vardır və yerdəki qırıq qırıq xətt standartlara uyğun çəkilməmişdir. Bu səbəbdən onun 2 metr daha tez dönməyini əsas gətirərək protokol tərtib olunmuşdur. Düşünür ki, bu sadəcə olaraq bir “tələ”dir və vətəndaşı əsassız yerə cəzalandırmaqdır. İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində göstərilən “üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması” burada tətbiq olunmamalıdır. Faktiki olaraq göstərilən yerdə sola dönüşə icazə vardır. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan elektron məlumatdan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş foto görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində “Chevrolet Cruze minik” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1.3 üfüqi nişanlama xəttinin tələbini pozaraq sola dönmə əməliyyatı etmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsində “Chevrolet Cruze minik” maraklı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən kəsib keçilməsi qadağan olan 1.3 üfüqi nişanlanma xəttinin (dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran düz qoşa xətt) tələblərinə riayət etməyərək həmin xətti kəsib sola dönmüş, nəticədə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X3 şikayətinin dəlili kimi heç bir üfüqi nişanlama xəttinin tələbini pozmadığını, yerdəki qırıq qırıq xətt standartlara uyğun çəkilməməsini bildirmişdir. Şikayətçinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X2 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozması iş materiallarında olan fotoşəkillərdən tam sübuta yetirilir. Üfuqi nişanlanma xəttinin düzgün çəkilməməsi məsələsi isə X2 məsuliyyətini istisna edən hal deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 28 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 3-cü bəndinə əsasən 1.3 üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır (düz qoşa xətt). Həmin maddənin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfüqi nişanlanma xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən barəsində xx.xx.2025-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1283/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1283/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver