Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1284/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4nin MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Xidmətinin X4 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Rəşad Mustafayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Rəşad Mustafayev məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Rəşad Mustafayev şikayətini onunla əsaslandırmışdır ki, o, barəsində tərtib olunmuş MN ******* №-li “İnzibati tənbeh vermə haqqında" qərarla razılaşmır. Bildirir ki, X6 rəhbərlik etdiyi müəssisədə vəfat etdiyi tarixdə xidməti müqavilə əsasında işləri yerinə yetirmişdir. Cantiq Quliyev xx.xx.2025-ci ildə Cəmiyyətlə xidməti müqavilə bağlamış və müqavilə ilə nəzərdə tutulmuş işi yerinə yetirmişdir. Belə ki, Cantiq Quliyev iş yerində vəfat etmişdir. Bu hal Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1085/2025 saylı qərarı təsdiq edilir. Mərhum həmin vaxt avtokran sürücüsü işləmişdir. Hadisə baş verən tarixdə avtokran “Mək-An" MMC ilə rəhbərlik etdiyi müəssisə arasında bağlanmış “Xidməti müqavilə" əsasında həmin müəssisəyə icarəyə verilmişdir. Yuxarıda adı qeyd olunan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 1085/2025 saylı qərarı ilə təsdiq olunmuşdur ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində “ACC.M" MMC təqsirli olmamışdır. Buna görə də, məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X8 Xidmətinin X4 tərəfindən 16 may 2025-ci ildə qəbul edilmiş MN ******* №-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Elçin Əliyev bildirdi ki, Binəqədi rayon prokurorluğu tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati icraat materialı baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(060)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bildirir ki, Rəşad Mustafayev barəsində qərar məhz Binəqədi rayon prokurorluğundan daxil olmuş material əsasında qəbul edilmiş, nəticədə vəzifəli şəxs 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edir ki, hər iki protokolun tərtib edilməsi əsaslarını eyni hallar təşkil etmişdir. Bildirir ki, bir halda ki, vəzifəli şəxsin direktoru olduğu "xxxx" MMC barəsində başlanmış icraata məhkəmə qərarı əsasında xitam verilmişdir, belə olan halda müəssisənin direktorunun da inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar aradan qalxmış olur. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verən Rəşad Mustafayev məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1085/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən Rəşad Mustafayev tərəfindən X6 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" barəsində Bakı şəhəri Binəqədi rayon Prokurorluğunda inzibati araşdırma materialı olmuş, inzibati araşdırmanın aparılmasına əsas "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərini yəni əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır müddəasını pozmaqla, o cümlədən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 təxminən 2024-cü ildən 02 aprel 2025-ci il tarixədək olan müddətlərdə müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında aparılan tikintidə sürücü vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Nəticədə adı çəkilən hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material müvafiq qərar qəbul edilməsi üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, məhkəminin xx.xx.2025-ci il tarixli qərarı ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə həmin qərarında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin əsası kimi "xxxx" MMC (sifarişçi) ilə X6 (icraçı) arasında bağlanmış 10 mart 2025-ci il tarixli xidmət müqaviləsinin olmasını göstərmişdir. Qərarda müəyyən edilmişdir ki, həmin müqavilədə icraçı, sifarişçinin tapşırığı əsasında ona mütəmadi Avtokran operatoru (tikinti sahəsində tikinti mal materiallarının, yüksək mərtəbəli tikintilərə qaldırılması, endirilməsi və yerləşdirilməsi) xidmətinin göstərilməsini, sifarişçi isə İcraçının göstərdiyi iş və xidmətin əvəzində ona (icraçıya) 500 manat aylıq xidmət haqqı ödəyəcəyi barədə razılığa gəldikləri qeyd edilmişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi dəmir konstruksiyaların emalı və istehsalı, konstruksiyaların yığılmasından ibarət olduğundan müəssisəyə məxsus avtokranın icarə verilməsi "xxxx" MMC-nin əsas fəaliyyət sahəsinə aid olmadığından və hazırda müəssisədə əsas fəaliyyət sahəsi ilə bağlı iş olmadığından avtokran 2025-ci ilin mart ayında "xxxx" MMC ilə aralarında xidməti müqavilə əsasında həmin müəssisəyə icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü madəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Göründüyü kimi məhkəmə məhz yuxarda qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Binəqədi rayon prokurorluğu DƏMX-nin X12 Şöbəsinə ünvanladığı məktub əsasında həmin idarə paralel olaraq "xxxx" MMC-nin direktoru X3 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilərək 4000 manat məbləğində cərimə etmiş, Rəşad Mustafayev sözügedən qərardan narazı qalaraq məhkəməyə şikayət vermişdir. Sadalananlarla bağlı məhkəmə qeyd edir ki, İXM-də preyudisia institutuna dair hər hansı norma təsbit edilməmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Belə olan olan məhkəmə oxşar münasibətləri tənzimləyən Cinayət Poessesual qanunvericiliyin tələblərini hazırki münasibətlərə tətbiq etməyi qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəllənin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. 65.6-ci maddəsinə əsasən birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökmü şərtsiz məcburidir. 141.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1. ümumi məlum olan faktlar; 141.1.2. müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü; 141.1.3. məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunun yuxarıda qeyd edilən normalarına istinad etməklə Binəqədi rayon prokurorluğu tərəfindən eyni hadisə ilə bağlı aparılmış araşdırmaya hüquqi şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün materialı Sumqayıt şəhər məhkəməsinə, eyni zamanda vəzifəli şəxslə bağlı tədbirlərin görülməsi məqsədilə materialın surəti DƏMX-nin X4nə göndərilmişdir. Nəticədə Sumqayıt Şəhər məhkəməsində yuxarıda qeyd edildiyi kimi materiala baxılaraq müvafiq qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilsə də, DƏMXnin X4 Rəşad Mustafayevi İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilib 4000 manat cərimə etmişdir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, eyni fakt üzrə məhkəminin qanuni qüvvəyə minmiş qərarı olduğundan şikayət əsaslı hesab edilərək təmin edilməli, Rəşad Mustafayev barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.7, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X4 tərəfindən qəbul edilmş MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1284/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1284/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver