Məhkəmə qərarları › İş №3(060)-129/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-129/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-129/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı Niyaməddin Həsənov tərəfindən Şəxs barəsində 21 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, “Ravon” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs M.Əsədov küçəsində hərəkətdə olan zaman piyada zolağında olan piyadaçı X1 vuraraq ona bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 12 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 25 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:35 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə Sumqayıt şəhəri istiqamətində yolun orta hərəkət zolağı ilə təxminən 40 km/ssat sürətlə hərəkətdə olduğu zaman, həmin yolda yerləşən piyada zolağının üzəri ilə qaçaraq hərəkət edən piyada qadın qəflətən yolun hərəkət hissəsinə çıxmaqla yolu keçdiyi zaman, avtomobilinin qabaq sağ qapsı həmin qadının əlindəki çantaya dəymişdir. Həmin vaxt piyadanın səhhətinin normal oluduğunu və hərəkətinə davam edərək yolu digər tərəfə keçdiyini görüb hərəkətinə davam edib getmişdir. O hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirti içinin və narkotik vasitənin təsiri altında olmamışdır. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X3 1NK-/1300 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 tibbi sənədlər əsasında məhkəmə-tibbi ekspertizası təyin edilmiş, tibbi sənədləri ekspertizaya təqdim edilmişdir. Keçirilmiş məhəkəmə tibbi ekspertizanın 96t/s saylı ekspert rəyinə əsasən, T.Mövlanovanın bədən səthində aşkar edilmiş sol diz oynağının əziyi, hemartroz xəsarəti qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid olduğu qeyd edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X3 1NK-/1300 saylı, xx.xx.2022-ci il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 327.8-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs səmimi peşmançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər şəkmiş şəxs X2 izah olunur ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar