Məhkəmə qərarları › İş №3(060)-1293/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1293/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1293/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC barəsində (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin (bundan sonra ƏM-nin) 49.1-ci maddəsinin tələbləri pozularaq işçi X4 xx.xx.2025-ci il tarixdə cəmiyyətdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X7 Xidmətinin nümayəndəsi X5 protokola uyğun izahat verərək bildirdi ki, "xxxx" şirkətində zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılmışdır. X4 xx.xx.2025-ci il tarixində zəhərlənən şəxslər siyahısında olmuşdur. Lakin sistem üzərindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin şəxslə işəgötürən arasında əmək müqaviləsi, hadisə baş verən gün, yəni xx.xx.2025-ci il saat 17.01 qüvvəyə minmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsi yalnız hər iki tərəfin imzasını olduqdan sonra hüquqi qüvvəyə minir. İşçi tərəfindən bu əmək müqaviləsi saat 13:29 radələrində imzalanmış, amma işəgötürən özü tərəfindən isə 17.01 imzalanmışdır. Hadisə nahar vaxtı 12:30-14:00 radələrində baş vermişdir. Bundan sonra təcili olaraq Nuranə Sərdarova ilə əmək müqaviləsini imzalamışdır ki, hüquqi şəxs məsuliyyət daşımasın. MMC-də 21 nəfər işçinin zəhərlənməsi hadisəsi baş vermiş, bununla əlaqədar onlara məlumat verildikdən sonra müfəttişlik tərəfindən 3 nəfərdən ibarət komissiya yaradılaraq məsələ araşdırılmışdır. MMC-nin özü də məlumatında zəhərlənən 21 nəfər işçisi olduğunu bildirmişlər. Daha sonra həm araşdırma aparılan zaman zəhərlənən şəxslərin əmək müqavilələri yoxlanılarkən məlum olmuşdur ki, bir şəxsin əmək müqaviləsi hadisə baş verən vaxt qüvvədə olmamışdır. Nuranə Sərdarova özü birbaşa izahatında göstərmişdir ki, onun iş prosesi ilə bağlı şikayəti yoxdur, bu hadisə naharda olmuşdur. Yəni özü işlədiyini dolayı yolla etiraf etmişdir. Bundan başqa MMC tərəfindən təqdim edilmiş iş cədvəllərində xx.xx.2025-ci il tarixində Nuranə Sərdarovanın 8 saat işləməsi qeyd olunmuşdur. 8 saat işləməsi barədə qeyd də N.Sərdarovanın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsini sübut edir. Hesab edir ki, protokolları tam əsaslıdır və müvafiq qaydada baxılıb MMC barəsində tədbir görülməlidir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin müdafiəçisi və nümayəndəsi Vəkil bildirdi ki, Nuranə Sərdarova xx.xx.2025-ci il tarixində Sumqayıt Tekstil MMC-yə işə qəbul olunmaqla bağlı şifahi olaraq müraciət etmiş, onun müraciəti qiymətləndirilmiş və bildirilmişdir ki, xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanacaq. Həmin şəxs xx.xx.2025-ci il saat 11-12 radələrində Sumqayıt Tekstil MMC-yə gəlmiş, saat 12:00-dək əmək müqaviləsi hazırlanmış və əmək alt sisteminə yerləşdirmiş, N.Sərdarova mobil telefonu ilə SİMA sistemindən qeydiyyatdan keçmiş və 13:29-da sonuncu tərəfindən əmək müqaviləsini imzalanmışdır. Əmək müqaviləsinin hazırlanması müddət tələb etdiyindən N.Sərdarovaya MMC-də nahar etmək üçün şərait yaradılmış, həmin nahar fasiləsində N.Sərdarova iştirak etmiş və bu səbəbdən xəstəxanaya aparılan 21 nəfərdən biri olmuşdur. Həmin gün saat 17.00-da MMC tərəfindən əmək müqaviləsi təsdiqlənmış, N.Sərdarova rəsmi olaraq MMC-nin işçisi olmuşdur. Həmin gün ərzində ona insan resursları əməkdaşı tərəfindən vəzifə təlimatları izah edilmiş, müqavilə qüvvəyə minməzdən əvvəl hər hansı əmək fəaliyyətinə cəlb edilməmişdir. MMC-nin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, MMC-nin 100-dən çox işçisi var, N.Sərdarovanın müqaviləsiz işə cəlb edilməsinin MMC-yə hər hansı faydası yoxdur. MMCnin SƏTƏM nümayəndəsi tərəfindən baş vermiş zəhərlənmə faktı ilə əlaqədar əmək müfəttişliyinə məlumat verilmiş, müfəttişlik tərəfindən araşdırma aparılmışdır. Müfəttişlik tərəfindən bədbəxt hadisə ilə bağlı 21 nəfərin izahatı alınmış, N.Sərdarovanın izahatı əsasında MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin İXM-in 192.1-ci maddəsi ilə icraat başlanılsa da, izahatlar alınmamış, araşdırma aparılmamış, sonuncunun işə cəlb edilməsi sübut olunmamışdır. Həmin gün saat 17.00-da əmək müqaviləsi təsdiqləndiyi üçün müfəttişliyə təqdim edilmiş cədvəllərdə N.Sərdarova işçi olaraq göstərilmiş, ona 8 saat iş günü göstərilmişdir. Həmin gün 8 saat göstərilməsinə səbəb MMC-də əmək haqqının saatla deyil, gün olaraq hesablanmasıdır. Əmək müqaviləsinin xx.xx.2025-ci il tarixində qüvvəyə mindiyi üçün əmək haqqının miqdarı işçinin xeyrinə olaraq tam iş gününün əmək haqqısı miqdarında hesablanmışdır. Burada MMC tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, o, ayın 18-i işə qəbul olunmaq üçün Sumqayıt Tekstil MMC-ə müraciət etmiş, 21-i yenidən MMC-yə yaxınlaşması tapşırılmışdır. Ayın 21-i MMC-ə getmiş, əvvəllər harada işləməsi, təcrübəsi ilə bağlı suallar verilmiş, sonda SİMA proqramından qeydiyyatdan keçibkeçməməsi soruşulmuş, bilmədiyindən ona bu barədə kömək edilmişdir. Müqavilənin imzalanması ondan xahiş edilmiş, lakin elektron sistemdə problem yaranmış və nəticədə müqaviləni imzalaya bilməmişdir. Bundan sonra nahar fasiləsi olduğundan MMC-nin yeməkxanasında yemək yeyib, gözləmə otağına qayıtmış, orada işlə bağlı təlimatlandırma aparılmış və bir müddət sonra halı pisləşmişdir. Qeyd edir ki, MMC-də olduğu müddət ərzində işlərin görülməsinə cəlb edilməmişdir. Yalnız həmin ayın 23-də MMC-yə gedərək işləməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid X8 ifadəsində bildirmişdir ki, MMC-də insan resursları bölməsində işləyir. Sözügedən işçi aprelin 18-i müəssissədə işləməklə bağlı MMC-yə müraciət etmiş, aprelin 21 yenidən MMC-ə gəlməsi bildirilmişdir. Nuranə xanım ayın 21-də MMC-ə gəlmiş, onun işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi tərtib edilmiş, təqribən saat 12 radələrində elektron sistemlə ona göndərilmişdir. Həmin müddət ərzində Nuranə gözləmə otağında gözləmişdir. Həmin saatlarda SİMA proqramında problem yarandığından Nuranə müqaviləni imzalaya bilməmişdir. Artıq nahar fasiləsi olduğundan onu nahar yeməyinə dəvət etmişlər. Nahardan sonra Nuranə yenidən gözləmə otağına gəlmiş, orada ona işlə bağlı müvafiq təlimatlardırma aparılmışdır. Bundan sonra isə Nuranənin halı pisləşmişdir. Nuranə xx.xx.2025-ci ildə MMC-də olduğu müddət ərzində hər hansı işin yerinə yetirilməsinə cəlb edilməmişdir. Ümumiyyətlə MMC tərəfindən yalnız hər iki tərəf müqaviləni imzaladıqdan sonra işçinin işləməsinə icazə verilir. Nuranənin işə qəbul prosesi, yəni sənədlərinin hazırlanması saat 11 radələrindən başlanılmışdır. Verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, onlar iş gününün əmək haqqısını saat hesabı ilə deyil, gün hesabı ilə hesablayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli müşayiət məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" altsisteminə tərəfimizdən baxış keçirilərkən səhhəti pozulmuş işçilərdən X4 (FİN:2J87A97) ilə “Sumqayıt Tekstil" MMC-nin işəgötürəni arasında olan əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə saat 12:04:16-da ƏMAS-da qeydiyyata alındığı, saat 12:04:38-də X2 təsdiqə göndərildiyi, saat 13:29:56-da şəxs tərəfindən imzalandığı, saat 17:01:46-da imzalandığı və qüvvəyə mindiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışlarda “Sumqayıt Tekstil" MMC-nin işəgötürəni arasında olan əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə saat 12:04:16-da ƏMAS-da qeydiyyata alındığı, saat 12:04:38-də X2 təsdiqə göndərildiyi, saat 13:29:56-da N.Sərdarova tərəfindən imzalandığı, saat 17:01:46-da MMC tərəfindən imzalandığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş X1 X7 Xidməti Abşeron-Xızı regional şöbəsinə yazdığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixində nahar yeməyindən bir neçə saat sonra özünü narahat hiss etmiş və bu barədə dərhal cəmiyyətin rəhbərliyinə məlumat verilmişdir. Daha sonra xəstəxanaya aparılmış, orada ilkin müayinədən keçmişdir. İlkin müayinədən sonra həmin gün evə buraxılmışdır. 22 aprel 2025-ci il tarixindən işə çıxmış və bugünədək işini davam etdirmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixindəki narahatçılığının iş prosessi ilə heç bir səbəbli əlaqəsi yoxdur. Bu məsələylə bağlı nə cəmiyyətə, nə də hər hansı şəxsiyyətə ittihamı, iradı və tələbi yoxdur. Yazdıqlaırnın həqiqətə uyğun olmasını imzası ilə təsdiq edir. İş materiallarına əlavə edilmiş müraciət vərəqəsindən görünür ki, X6 tərəfindən X7 Xidmətinə müraciət edilmişdir. Müraciətdə qeyd edilmişdir ki, Sumqayıt Tekstil MMC-də "SƏTƏM üzrə mühəndis" vəzifəsi üzrə çalışır. Bildirir ki, xx.xx.2025-ci il tarixində saat 14:30 radələrində istehsalatda bədbəxt hadisə baş vermişdir. Hadisə həmin müəssisənin 19-20 nəfər işçisinin kütləvi zəhərlənməsi ilə nəticələnmişdir. Vətəndaş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat vermək üçün müraciət edir. Sumqayıt Tekstil MMC-nin VÖEN-i bilmir. Ünvanı: Sumqayıt şəhəri. Sülh küçəsi 64. Əlaqə nömrəsi qurum üzrə mövcud deyildir. Məhkəmə iş materiallarına, MMC-nin nümayəndəsinin izahatına və şahidlərin ifadəsinə əsaslanaraq hesab edir ki, Sumqayıt Tekstil MMC-nin təqsirliliyi sübuta yetirilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nuranə Sərdarovanın Sumqayıt Tekstil MMC-də işçilərlə birlikdə nahar etməsi, sonradan araşdırma müddətində “xx.xx.2025-ci il tarixindəki narahatçılığının iş prosesi ilə heç bir səbəbli əlaqəsi yoxdur” məzmununda izahatı, həmçinin xx.xx.2025-ci il tarix üçün iş cədvəlində 8 saat iş saatının qeyd edilməsi, əmək müqaviləsinin 17.00 radələrində qüvvəyə minməsi faktları Sumqayıt Tekstil MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Belə ki, elektron informasiya sistemindən çıxarışlardan da məlum olur ki, xx.xx.2025-ci il tarixində saat 12.04 radələrində işçi və işəgötürən arasında əmək müqaviləsinin bağlanması istiqamətində fəaliyyət başlanılmış, 17.00 radələrində isə əmək müqaviləsinin bağlanması prosesi yekunlaşmışdır. Həmin müddət ərzində Nuranə Sərdarovanın işçilər ilə birlikdə naharda iştirak etməsi ağlabatan olmaqla yanaşı, qanunvericiyilin tələblərinə zidd deyil. Bundan başqa Nuranə Sərdarovanın Müfəttişlikdə verdiyi izahatda onun hadisə baş verən vaxtı MMC-nin işçisi olmasını təsdiq edən hər hansı bir qeyd mövcud deyil. N.Sərdarovanın izahatının MMC-nin zəhərlənən digər işçilərinin izahatları ilə oxşar məzmunlu olması onu təsdiq edir ki, SƏTƏM məlumatı əsasında zəhərlənmə faktı ilə bağlı Müfəttişlikdə araşdırma aparılsa da, elektron informasiya sistemində N.Sərdarovanın əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində qüvvəyə minməsi faktı üzrə, yəni İXM-in 192.1-ci maddəsi ilə başlanmış icraat üzrə zəruri araşdırma aparılmamışdır. Lakin, məhkəmə iclasında Nuranə Sərdarovanın şahid olaraq ifadəsi alınmış, onun xx.xx.2025-ci il tarixində MMC-də əmək fəaliyyətinə cəlb olunmaması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində N.Sərdarovanın əmək müqaviləsinin 17.00 radələrində qüvvəyə minməsinə baxmayaraq həmin gün üçün 8 iş saatı hesablanması sonuncunun, 17.00-dan əvvəl MMC-də işlərinə cəlb edilməsini təsdiq edən fakt deyil. Cədvəldə olan digər işçilərə də iş günlərində stabil olaraq 8 saat yazılması əmək haqqlarının saatlıq deyil, günlük olaraq hesablanmasını göstərir. Əmək müqaviləsinin 17.00-da qüvvəyə minməsinə baxmayaraq həmin gün üçün tam əmək haqqı hesablaması MMC-nin səlahiyyəti daxilindədir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin müəssisə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar