Məhkəmə qərarları › İş №3(060)-1296/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1296/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1296/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 19 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədlərinə əsasən 30.195,00 manat və 275,00 ABŞ dolları borcunu üzürsüz səbəbdən X4 ödəməmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 30.195,00 manat və 275,00 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və digər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədinə əsasən 28.09.2021-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkər X4 ödənilməlidir. Borclu 01.04.2022-ci il tarixdə icra idarəsinə dəvət edilərək icra sənədində göstərilən aliment borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Digər icra sənədi üzrə borclu bu günədək üzrüsüz səbəbdən ödənişlər etməmişdir. Şəxs borcunu ödəməyi tələb olunmuş və izahatı alınmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 30.195,00 manat və 275,00 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və digər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədinə əsasən 28.09.2021-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Borclu aliment borcundan 70,00 manat ödəmiş və digər icra sənədi ilə bağlı ödəniş etməmişdir. Hal-hazırda qeyd olunan icra sənədi üzrə borcun tam ödənilməsini tələb edərək Şəxs barəsində məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədinə əsasən ondan 30.195,00 manat və 275,00 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və digər Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-252/2022 saylı, 15.02.2022-ci il tarixli icra sənədinə əsasən 28.09.2021-ci il tarixdən başlayaraq ondan hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkər X4 ödənilməlidir. Lakin o, qeyd olunan icra sənədləri üzrə borcundan məlumatı olmamış 19.05.2022-ci il tarixdə icra məmuru tərəfindən izahatı alınarkən qərarın mövcudluğundan xəbəri olmuşdur. Onun icra sənədini üzürsüz səbəbdən icra etməmək məqsədi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədləri ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 01.03.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. İcraata başlama haqqında qərar 01.04.2022-ci ildə təqdim olunmuş və borclu qeyd olunan aliment üzrə 70,00 manat ödəniş etmişdir. Digər icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 08.04.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya təqdim olunmamışdır. Yalnız inzibati xəta haqqında protokol tərtib edilən gün yəni-19 may 2022-ci ildə borclunun izahatı alınaraq həmin qərar və bildiriş ona təqdim olunmuşdur. İcra məmuru tərəfindən həmin gün, yəni 19 may 2022-ci il tarixdə protokol tərtib edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, borclu 01.04.2022-ci ildə ona təqdim olunmuş icra sənədi üzrə aliment ödənişindən 70,00 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Çünki icra məmuru tərəfindən 01.03.2022-ci ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borcluya 01.04.2022-ci il tarixində təqdim edilmiş və borclu qeyd olunan aliment üzrə 70,00 manat ödəniş etmiş, bundan başqa digər icra sənədi ilə bağlı icra məmuru tələbin könüllü icrası barədə bildirişi 19 may 2022-ci il tarixdə borcluya təqdim edib həmin gün də İXM-nin 528.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi anlamına gələ bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 19 may 2022-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar