Məhkəmə qərarları › İş №3(060)-13/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-13/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-13/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs QSC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə 16 iyul 2021-ci il tarixdə MN №0004195 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, Tuq- Zavod qəsəbəsi ünvanında yerləşən obyektdə 16.07.2021-ci il tarixdə istehsalat sahəsindəki avadanlıqların uyğunluq sertifikatı, ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə və tipinin təsdiq edilməsi barədə sertifikat olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2450/2021 saylı, 12.08.2021-ci il tarixli qərarı (hakim R.Xəlilov) ilə hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 447.0.4-cü maddəsinə əsasən 4.200.00 (dörd min iki yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2450/2021 saylı, 12.08.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-633/2021 nömrəli, 15.11.2021-ci il tarixli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 447.0.4 və 538.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2450/2021 saylı, 12.08.2021-ci il tarixli qərarı ləğv edilmişdir. İnzibati material yenidən araşdırılıb baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə izahatında Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürüldüyü üçün barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 protokollara uyğun izahat verərək, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-ci maddəsinə Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs QSC barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Göründüyü kimi hazırda inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən ticarət qaydaları əleyhinə olan inzibati xətalar və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh ən geci inzibati xətanın törədildiyi gündən 3 ay müddətinə verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi ilə olan inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Tuq-Zavod qəsəbəsi ərazisi olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 538.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar