Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1301/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə inzibati xəta haqqında AP seriyalı ******* N-li, 02.04.2021-ci il tarixli protokol tərtib olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən göndərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* N-li, 02.04.2021-ci il tarixli protokol Sumqayıt Şəhər Məhkəməsinin icraatına götürülmüşdür. Protokoldan görünür ki, sürücü Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücü sərxoş halda olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs bildirmişdir ki, onun barəsində AR İXM-nin 333.1 və 329.1-cü maddələrinə əsasən AP ******* nömrəli protokol tərtib olunmuşdur. 02.04.2021-ci il tarixdə ona məxsus olan Mercedes markalı, **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və ondan spirtli içki iyi gəldiyini deyərək sərxoşluq vəziyyətini müəyyən etmək üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserə aparmışlar. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 1696 nömrəli, 02.04.2021-ci il tarixli akt əlavə edilmişdir, saat 09:40-də müayinədən keçmiş və rəydə 0.40% promil alkoqolun olması göstərilmişdir. O, spirtli içki qəbul etmədiyini bildirmişdir. Həmin tibb müayinəsinin verdiyi yanlış rəylə razılaşmadığına görə düzgün, şəffaf nəticəni almaq üçün həmin gün saat 14:00-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzinə müraciət etmişdir. Həkim tərəfindən müayinədən keçdikdən sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/8670 nömrəli, 02.04.2021-ci il tarixli akt tərtib etmişdir. Həmin aktda içkili olmadığı qeyd edilmişdir. Verilən iki rəyin bir birinə uyğun olmadığını qeyd etmişdir. Bununla əlaqədar iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materillarından olan 02.04.2021-ci il tarixli, 1696 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs saat 09:40-da müayinə vaxtı 0.40 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarından olan 02.04.2021-ci il tarixli, 2/8670 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 14:00-da ayıq vəziyyətdə olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 73-cü maddəsinin İİİ bəndinin 1-ci yarımbəndində göstərilmişdir ki, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: təchizatından asılı olaraq nəqliyyat vasitələrindəfaraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə-faralar və ya fənərlər, at arabalarında-fənərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xüsusi şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materillarından olan 02.04.2021-ci il tarixli, 1696 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs saat 09:40-da müayinə vaxtı 0.40 % promil alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. 02.04.2021-ci il tarixli, 2/8670 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından isə müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 14:00-da ayıq vəziyyətdə olmuşdur. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 69.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Məhkəmə hesab edir ki, az müddət keçməsinə baxmayaraq aparılan sərxoşluq vəziyyətinin tibbi müayinə aktları arasında ziddiyətlər olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi sübuta yetirilmir. Eyni zamanda İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1301/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1301/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver