Məhkəmə qərarları › İş №3(060)-1306/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1306/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1306/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinin 29 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X8 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinin 29 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinmiş və onun barəsində 1000,00 (bir min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın bir nüsxəsi xx.xx.2022-ci il tarixdə rəhbəri olduğu "xxxx" MMC-yə rəsmi qaydada daxil olduğundan həmin tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququm yaranmışdır. Hesab edir ki, tərəfindən X2 əmək hüquqları hər-hansı formada pozulmadığından və onunla bağlanmış əmək müqaviləsinə ümumiyyətlə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və müddətdə xitam verildiyindən, qanunvericiliyə əsasən işə bərpa olunma ilə bağlı qərar qəbul etmək yalnız məhkəmələrin səlahiyyətlərinə aid edildiyindən, X7 Xidmətinin Bakı Şəhər İdarəsi tabeliyində olmayan cəmiyyətə işə bərpa olunma barədə göstəriş verərkən öz səlahiyyət hədlərini kifayət qədər aşaraq, məhkəmələrin səlahiyyətlərini mənimsədiyindən, İXM-in 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı öz təsdiqini tapmadığından, inzibati məsuliyyətə cəlb etmə müddəti 4 il 10 ay ötürülmüş, inzibati xəta haqqında qərar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə qəbul edildiyindən, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən təqsirli olub-olmadığım İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən işin halları tam, hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, yuxarıda qeyd edilən hallar o cümlədən inzibati xətanın (inzibati xəta hadisəsi və tərkibi) olub-olmaması araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. İşin halları ilə əlaqədar bildirir ki, X3 xx.xx.2016-ci il tarixində "xxxx" MMC-nin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə 1 (bir) il müddətinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmiş və həmin tarixdə 3 (üç) aylıq yeni əmək müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmiş və həmin tarixdə 1 (bir) aylıq yeni əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətləri davam etdirilmiş və 01,05.2017-ci il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş müddətə uzadılmış hesab edilmiş, yalnız xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsi 05 aprel 2022-ci il tarixli, **********2 saylı məktub ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktoru Camal Sadıxova müraciət edərək, X2 15 (on beş) gün müddətində işə bərpa olunmasını təmin edib nəticəsi barədə Xidmətə məlumat verilməsini, əks təqdirdə İXM-nin 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunacağı bildirilmiş, bundan sonra X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinmiş və onun barəsində 1000,0 (bir min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, tərəflərindən X2 əmək hüquqları hər-hansı formada pozulmamış və onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və müddətdə xitam verilmiş, qanunvericiliyə əsasən işə bərpa olunma ilə bağlı qərar qəbul etmək yalnız məhkəmələrin səlahiyyətlərinə aid edildiyindən, X7 Xidmətinin Bakı Şəhər İdarəsi tabeliyində olmayan cəmiyyətə işə bərpa olunma barədə göstəriş verərkən öz səlahiyyət hədlərini kifayət qədər aşmış, məhkəmələrin səlahiyyətlərini mənimsəmiş, İXM-in 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı öz təsdiqini tapmamış, inzibati məsuliyyətə cəlb etmə müddəti 4 il 10 ay ötürülmüş, protokol düzgün tərtib edilməmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsi 05 aprel 2022-ci il tarixli, **********2 saylı məktub ilə MMC-yə icrası məcburi olan göstərişin məzmunu - “X2 15 (on beş) gün müddətində işə bərpa olunmasının təmin edilməsi” olmuşdur. Bununla bağlı Əmək Məcəlləsinin bəzi müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edilir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 01 iyun 2022-ci il tarixə təyin edilmiş, lakin qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işin baxılmasını 20 iyun 2022-ci il tarixə təxirə salmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X10 şikayətə uyğun izahat verərək 29 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X8 barəsində 22 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 29 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərək X8 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərək 1.000,00 (bir min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X4 İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X8 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinə X8 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin materialları (sübutları) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən idarə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsi X4 İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər idarəsinin X8 barəsindəki 29 aprel 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar