Məhkəmə qərarları › İş №3(060)-1311/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1311/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1311/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X4 iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt fərdi evin həyətində bacısı qızı X2 əl və sağ ayağına şüşə butulka ilə xəsarət yetirmişdir. Bundan başqa Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində Sumqayıt şəhəri St.Sumqayıt fərdi evin həyətində bacısı qızı X1 xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərdi ki, Sumqayıt şəhəri 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt fərdi evin həyətində bacısı qızı X2 əl və sağ ayağına şüşə butulka ilə xəsarət yetirmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:35 radələrində Sumqayıt şəhəri St.Sumqayıt fərdi evin həyətində bacısı qızı X1 xırda xuliqanlıq etmişdir.Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, X6 vurmamış, İlhamə onu təhqir etdiyindən o da qarşılıq vermişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, qeyd olunan tarixdə evdə olan zaman dayısı Hilal içkili vəziyyətdə evə gəlmiş və nalayiq ifadələrlə danışmağa başlamışdır. O, polisə zəng etmək istəyərkən Hilal çıxıb getmiş, sonradan daha da içkili vəziyyətdə qayıtmış, yenə də nalayiq şəkildə danışmağa başlamışdır. Bu zaman o, yenə də polisə zəng edərək şikayət etmiş, gəlib onu evdən aparmışlar. İlkin olaraq Hilal onu təhqir edən zaman yanında anası olmuş, sonra evdən çıxarkən qonşuların yanında söyməkdə davam etmişdir. Döyülmə faktı ilə bağlı bildirdi ki, Hilal yenə içkili vəziyyətdə gələrək ona şüşə butulka atmış, ayağına dəydiyindən xəsarət almışdır. Məhkəmədən Şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İnzibati işin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 556 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X4 bədəni üzərində “Sağ saidin aşağı 1\3-nin arxa səthinin səthi kəsilmiş yarası, sağ budun aşağı 1\3-nin ön səthinin qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən - sağ saidin aşağı 1\3-nin arxa səthinin səthi kəsilmiş yarası - iti kənara və uca malik olan əşyanın, digər xəsarət - sağ budun aşağı l\3nin ön səthinin qançırı isə küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 22.04.23-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edlmir. İnzibati işin materiallarında olan A/779 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-669/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510-cu maddəsi ilə 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq olunmaqla o qəti olaraq 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1087/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 07 (yeddi) gün müddətə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilmiş, İXM-nin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşin araşdırılan hallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətaları inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati xətalar barəsində protokol tərtib edilmiş şəxs tərəfindən mütəmadi olaraq təkrarlanmış, dəfələrlə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq islah olunmamaqla eyni xətaları təkrar olaraq törətməyə davam etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinin tələbi nəzərə alınmaqla tətbiq olunan tənbehlər üzrə qəti olaraq Şəxs 27 (iyirmi yeddi) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar