Məhkəmə qərarları › İş №3(060)-1311/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1311/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1311/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi, İİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 233.1-ci maddəsi ilə tərtib edilmiş 12 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Həyat Saray” şadlıq sarayının ətraf ərazisində aparılan manitorinq zamanı şadlıq sarayından atmosferə atılan kənar maddələrin miqdarının norma həddindən artıq olduğu müəyyən olunduğuna görə həmin hüquqi şəxs barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Könül Nəcəfquliyeva izahatında bildirdi ki, 10 may 2025-ci ildə ünvan 1 ünvanında yerləşən “Həyat Saray” şadlıq sarayının ətraf ərazisində keçirilən manitorinq zamanı atmosferə atılan dəm qazının miqdarının normadan artıq olduğu aşkar edilmişdir. Ətraf mühitə təsir edən obyektlərin siyahısı- dislokasiya sənədinə əsasən “Həyat Saray” şadlıq sarayının Şəxsnə məxsus olduğu müəyyən edilmiş və adıçəkilən hüquqi şəxs barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, “Həyat Saray” şadlıq sarayında atmosferə çirkli maddələrin atılmasını məhdudlaşdıran avadanlıqlar quraşdırılmışdır. Şadlıq sarayında tüstü bacaların təmizləndiyini bildirmişdir. Müvafiq xidmətin göstərilməsi üçün servisə vaxtlı-vaxtında ödənişlər edilir. Servislə müqavilə bağlanan zaman da ödəniş edilmişdir. Restoranın yerləşdiyi ərazidə başqa şadlıq sarayı yoxdur. Ən yaxın obyekt təxminən 1-2 km uzaqlıqda yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apardığı manitorinqin nəticəsinə şübhə ilə yanaşır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki,: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 12 may 2025-ci il tarixli, 91348 nömrəli akta əsasən, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən “Həyat Saray” şadlıq sarayına manitorinq keçirilmişdir. Elektron portaldan əldə edilmiş çıxarışa əsasən, Şəxs ********** VÖEN-lə 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır. Hüquqi ünvanı AZ5008, Sumqaylt şəhəri, 8-ci mikrorayon, ev 27, 87 saylı mənzildir. "xxxx" MMC-yə məxsus OMS K14552 nömrəli kalibrnamə serfitikatından görünür ki, 200123 seriya nömrəli ölçmə vasitəsinin istehsalçısı Rusiya Federasiyasıdır. Kalibrlənən ölçmə vasitəsi qaz analizatorudur. Ölçmə vasitəsinin növbəti kalibrləmə tarixi xx.xx.2025-ci il tarixidir. xx.xx.2025-cü il tarixli “Servis Akt”ına əsasən “Həyat Saray” şadlıq sarayının hidro filtirinin və havalandırma bacasının təmizlənməsi üçün 270 manat xidmət haqqı tərəflər arasında razılaşdırılmışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 may 2025-ci il tarixli, 91348 saylı Aktına əsasən, Sumqayıt şəhəri 44-cü məhəllə, Ş.Bədəlbəyli küçəsində yerləşən “Həyat Saray” şadlıq sarayından atmosfer havasına atılan zərərli qaz qarışıqları maddələrinin miqdarının norma həddi daxilində olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə 10 may 2025-ci il tarixində şadlıq sarayının ətraf ərazisində AHKAT-64M3-04 markalı cihaz vasitəsi ilə atmosfer havasında ölçmə işləri aparılmış, aparılan ölçmə işləri zamanı şadlıq sarayından atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən faktiki norma həddindən artıq olması (CO dəm qazı norma 5.0 mq/m3, faktiki 8.2 mq/3) müəyyən edilmişdir. “X4 Monitorinq İdarəsi”-nin “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnaməsinə əsasən, İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitəninin tipi AHKAT-64M3-04 markalı qaz analizatoru, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarixxx.xx.2024-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Məhkəmə işin hallarını, protokol tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki Şəxs tərəfindən İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və əlavə edilmiş sənədlərdə sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərədindən həyata keçirilmiş maniqorintin nəticəsinə şübhə ilə yanaşması barədə verdiyi izahatına tənqidi yanaşır və məhkəmə hesab edir ki, o məsuliyyətdən yayınmaq, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməməsi üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Müəssisəsinin nümayəndəsi təqsirsiz olmaları barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclasında vəkil tərəfindən təqdim edilən “Servis Aktı”-da müəssisənin təqssirsizliyini təsdiq edən sübuit kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarında olan “Kalibrləmə sertifikatından” görünür ki, yoxlama zamanı istifadə olunan xüsusi texniki vasitəninin tipi AHKAT-64M3-04 markalı qaz analizatorudur, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarix-xx.xx.2024-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2025ci il tarixidir. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin XM-nın qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək minimum həddə cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10500 (on min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar