Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1313/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28086136 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli EQ28086136 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X1 ərizəsini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində xx.xx.2025cü il tarixində Babək prospektində hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət edilməməsinə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən EQ28086136 nömrəli elektron protokol tərtib olunmuşdur, o, 2 bal və 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın qeydə alınması ilə bağlı foto şəkillərə nəzər salarkən, şəkillərin birində nəqliyyat vasitəsinin qeydiyyat nişanı birmənalı olaraq görünmür. İkinci şəkildə isə nəqliyyat vasitəsinin şəklinin harada çəkildiyi, həmin şəklin inzibati xətanın törədildiyi yerə aid olub-olmaması məlum deyildir. Belə ki, nəqliyyat vasitəsinin şəkli başqa yerdə də çəkilib sonradan bu inzibati xəta ilə bağlı materiallara əlavə edilə bilər. Bu şəkil inzibati xətanı sübuta yetirmir. İdarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünməsə belə, barəsində elektron protokol tərtib edilmişdir. Bu isə qeyd edilən inzibati tənbehvermə haqqında qərar üzrə icraata xitam verilməsi üçün əsasdır. Çünki, Respublika ərazisində ağ rəngli “Volkswagen Jetta” markalı nəqliyyat vasitəsi tək onun mülkiyyətində deyil. Hər bir nəqliyyat vasitəsinin eyniləşdirilməsi üçün onlara dövlət qeydiyyat nişanı verilir. Həmin qeydiyyat nişanını aydın görmədən inzibati xəta üzrə sübutetmə vəzifəsini yerinə yetirmək mümkün deyildir. Bu inzibati xətanı ağ rəngli “Volkswagen Jetta” markalı başqa bir nəqliyyat vasitəsi də törədə bilər. Odur ki, hesab edirəm ki, EQ28086136 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və həmin qərar üzrə inzibati icraata xitam verilməlidir. X1 xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştiakı olmadan keçirlməsini, EQ28086136 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28086136 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28086136 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X2” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü xx.xx.2025-ci il tarixdə, saat 23:51:30-da 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş-hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikasının İXM-in 327.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 xx.xx.2025-ci il tarixdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi səbəbindən 100 manat məbləğində cərimə edilmişdir. O, qeyd edilən inzibati tənbeh vermə barədə qərarla razı olmadığını, inzibati xətanın qeydə alınması ilə bağlı çəkilmiş foto şəkildə avtomobilin qeydiyyat nişanının görünmədiyini bildirmiş və həmin fotoşəkli şikayətə əlavə etmişdir. Şikayətə əlavə edilmiş “X2” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə əlaqədar xüsusi texniki vasitə ilə çəkilmiş fotoşəkildə qeyd edilən inzibati xətanı törədən nəqliyyat vasitəsinin qeydiyyat nişanı əks edilməmişdir. Məhkəmə qeyd edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (video görüntü və s.) təqdim edilməsi barədə Azərbaycan Respublikasının DİN BDYPİ-nə sorğu versə də, sorğuya cavab verilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Eyni zamanda qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd edilən məsələnin aydınlaşdırılması istiqamətində heç bir addım atmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28086136 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və qərarda göstərilən xüsusatlar araşdırılması ilə əlaqədar iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28086136 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ28086136 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1313/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1313/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver