Məhkəmə qərarları › İş №3(060)-1314/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1314/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1314/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 may 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 protokolla razı olmayaraq bildirdi ki, tərtib edilmiş protokolda xx.xx.2023-cü il tarixli G1m nömrəli göstərişin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən Şəxs MMC-nin istehsalat müəssisəsinin giriş-çıxışında və ərazisində mühafizə-təhlükəsizlik xidmətini həyata keçirən mühafizə departamentinin müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilmiş və sözügedən protokol tərtib edilmişdir. Bundan əvvəl də protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qərardadına əsasən tərtib edilmiş material Sumqayıt ŞPİ-ni 2-ci PB-nə geri qaytarılmışdır. Protokolun geri qaytarılmasına əsas kimi icraat zamanı protokol tərtib edilərkən və materiallar məhkəməyə təqdim edilərkən İXM-nin tələblərinə riayət edilməməsi olmuşdur. Hazırki tərtib edilmiş protokolla razı deyillər. Belə ki, protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Sözügedən protokolun imza etdi hissəsində Şəxs MMC-nin nümayəndəsi sözü qeyd edilmişdir. Şəxs MMC-nin nümayəndəsi qeydi imzanı əvəz etmir. Ümumiyyətlə protokol rəsmi qaydada Şəxs MMC-yə təqdim edilməmiş və göndərilməmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən Şəxs MMC-nin Sumqayıt şəhərində yerləşən Sumqayıt mebel hissələri fabrikinə 06 may 2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktuba 19 my 2023-cü il tarixdə məktubda cavab verilmişdir. Şəxs MMC-nin olduğu yer Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15A, qapı 1-dir. Şəxs MMC öz mülkiyyətinin mühafizəsini təşkil etmək üçün digər şirkətlərdə olduğu kimi mühafizə departamenti yaradıb. Bu şirkətdaxili qayda ilə tənzimlənir, bu gün yaradıbsa sabah ləğv edə bilər. Şəxs MMC mühafizə fəaliyyəti göstərmir və mühafizə xidməti təqdim edərək müqabilində pul almır. Sadəcə olaraq əmək müqaviləsi ilə işləyən bir qisim işçiləri mühafizəni həyata keçirir, giriş-çıxışa nəzarət edir, təhlükəsizliyi qoruyur və s. Buna görə də iş üzrə icraata xitam verilməsini və ya barələrində olan inzibati xəta haqqında materialın geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlart göstərilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilsə də, protokolda inzibati xətanın törədildiyi yer və vaxt barədə heç bir məlumat yoxdur, MMC-nin nümayəndəsi izahat vermək, protokol tərtib ediməsində və icraatda iştirak etmək üçün dəvət edilməmiş, protokolda onun izahatı qeyd edilməmiş, protokolun surəti ona təqdim edilməmişdir. İcraat zamanı, protokol tərtib edilərkən və materiallar məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılanda, protokol tərtib etmiş şəxsin və MMC-nin nümayəndəsinin izahatından sonra müəyyən olunmuşdur ki, icraatda MMC-nin iştirakı təmin olunmamış, protokol MMC-yə rəsmi qaydada təqdim edilməmiş, MMC-nin nümayəndəsinin imzası protokolda yoxdur, MMC-nin müdafiə hüquqları da təmin edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bu mərhələdə protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması daha məqsədəuyğundur. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 597.0.1-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 17 may 2023-cü il tarixli, ******* protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar