Məhkəmə qərarları › İş №3(060)-1314/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1314/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1314/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X10, Məhkəmə iclas katibi:X11, Şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin nümayəndəsi: X2 iştirakı ilə, Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsi tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə cavabdeh təşkilatın nümayəndəsi "xxxx" MMC-yə qarşı İnzibati Xəta haqqında MN №2363501 nömrəli protokol tərtib etmişdir. Protokolda Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində "xxxx" MMC tərəfindən yüksək mərtəbələri yaşayış binasının tikinti məqsədi ilə hasara alınmış ərazidə yerləşən köküstə yaş halda müxtəlif cinsli ağac və kolların müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan götürülməsi (köçürülməsi) qeyd edilmişdir. Qeyd edilən protokol əsasında o X4 "xxxx" MMC-nin direktor müavini kimi "vəzifəli şəxs" olaraq İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarına əsasən, AR İXM-nin 253-1.2-ci maddəsinə əsasən, 5000 manat məbləğində cərimə edilmişdir. Əvvəla qeyd etmək istəyir ki, o, nəyə görə vəzifəli şəxs hesab edilərək cərimə edilmişdir? Bunu başa düşə bilmir. Çünki şirkətin direktoru və qanuni təmsilçisi o deyildir. Bu inzibati qərar AR X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin onların təşkilatı barəsində artıq birinci cərimə tətbiqi deyil. Hətta bundan əvvəlki qərarlardan məhkəmə verdikləri şikayətlərə baxılması zamanı da şirkətin qanuni təmsilçisi, yəni direktoru X13 qəbul edilmişdir.Yəni şirkətin bütün fəaliyyətinə nəzarət direktor tərəfindən həyata keçirilir. O isə direktor müavinidir və onun əmək funksiyaları arasında şirkətin fəaliyyətinin ətraf mühitiə təsirinə nəzarət etmək kimi bir səlahiyyəti yoxdur. O, belə bir icraat zamanı vəzifəli şəxs hesab edilə bilməz. Çünki AR İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi kimi hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Maddənin tələbindən göründüyü kimi onun vəzifəli şəxs hesab edilməyi üçün hüquqi şəxsin ümumi fəaliyyətinə nəzarət etmək, qərarlar qəbul etmək və təmsil etmək səlahiyyəti olmalıdır. Bir daha qeyd edir ki, qeyd olunan səlahiyyətlər onların şirkətdə hüquqi şəxsin direktoruna məxsusdur və onun da aparılan inzibati xəta ilə bağlı icraat zamanı belə bir səlahiyyətlərini təsdiq edən etibarnamə təqdim edilməmişdir. Qeyd olunan əsaslarla protokol düzgün tərtib edilməmiş və düzgün qərar qəbul edilməmişdir. Həmçinin bildirir ki, AR X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsi tərəfindən şirkətlərinə qərəzli münasibət göstərilməkdədir. Həmçinin tərəflərindən Sumqayıt İnzibati Məhkəməsinə sözügedən təşkilata qarşı bu protokol tərtib edilməmişdən bir neçə gün əvvəl "Ərazidən ağac və ağac kollarının köçürülməsi barədə rəyin verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi" tələbinə dair iddia qaldırmışlar. Ona görə də idarə dərhal onlara qarşı belə bir qərəzli addım atmışdır. X20 Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 22 iyun 2018-ci il tarixli, ER-15/236 saylı ekoloji ekspertiza rəyindən görünür ki, tikinti işlərinin aparılması Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 14-cü məhəllədə nəzərdə tutulmuşdur. (xx.xx.2014-cü il tarixli 70 nömrəli inşaat pasportu). Tikinti nəzərdə tutulan ərazinin bir hissəsi əvvəllər qeyri-yaşayış məqsədləri üçün istifadə olunmuşdur. Mövcud vəziyyətdə ərazi tikili və yaşıllıqlardan azaddır. Sumqayıt şəhər icra hakimiyyəti başçısının xx.xx.2017-ci ii tarixli 275 nömrəli Sərəncamına əsasən həmin ünvanda 4000 kv.m sahədə çoxmərtəbəli yaşayış binası layihələndirilməsinə və 1950 kv.m sahənin abadlaşdınlmasına icazə verilmişdir. X20 Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli 33 nömrəli müraciətinə, 14 iyun 2018-ci il tarixli № 15/1590 saylı cavab məktubundan görünür ki, X20 Sərvətlər Nazirliyi layihənin Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 258 saylı, xx.xx.2017-ci il tarixli 275 saylı Sərəncamları, FHN-nin X5 Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 24776 nömrəli rəyi və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2017-ci il tarixli 09 nömrəli Aktı ilə razılaşdırılmış olmasını nəzərə alaraq, binaların tikintisi üçün nəzərdə tutulmuş sahədə qurumuş sərv ağaclarının ərazidən götürülməsinə etirazı olmadığını bildirmişdir. Yuxarıdakılara əsasən AR X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsi tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, sözügedən ərazi idarə rəhbərinin xüsusi mülkiyyətindədir. Həmin ərazi 2014-cü il və 2017-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsinin bir hissəsində köhnə qazanxana yerləşdiyindən bu gün də həmin qazanxana mövcuddur, oranı 2020-ci ildə özəlləşdirmişlər, xüsusi mülkiyyətdədir. Bu ilin fevral ayında bazar günü istirahət günü olduğundan onlara xəbər gəlmişdir ki, qonşular həmin ərazidə ağac əkmişlər. O da dərhal DİN-nin 102 xidmətinə zəng etmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları gəlmiş, həmin traktoru da, kamazı da oradan dərhal kənarlaşdırmış və polis bölməsinə aparmışlar. Camaat çox olduğundan ağac əkinini dayandırmışlar. Bununla bağlı Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinə də məlumat vermişlər, əməkdaşlar gəlmiş, yerində baxış keçirmişlər. Lakin ona məsləhət görmüşlər ki, əkilən ağaclara dəyməsinlər. Camaatın orada əsassız ağac əkməsi ilə bağlı videogörüntüləri də vardır. 4000 kv.m yerin əvvəlinə 2018-ci ildən ağac əkməyə başlamışlar, baxmayaraq ki, fövqəladə hallar idarəsinin orada tikinti olması, torpağın təmiz olması haqqında ekspertiza rəyi vardır. Hətta X20 Sərvətlər Nazirliyinin onlara 2018-ci ildə verdiyi ekspertiza sənədləri, oraya əkilmiş ağacların köçürülməsinə dair sənədləri vardır. Sadəcə onun vaxtı keçdiyindən qonşuların təkidinə baxmayaraq hissə-hissə o ağacları əkdilər. Sonuncu sözügedən ağacların fevral ayında əkilməsinə baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ekologiya İdarəsinə müraciət etmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Ekologiya Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə də müraciət etmişdi, lakin onlar onu gözləməmişlər. Çünki Sumqayıt şəhərində söküntülü bir yer var idi, şəhər rəhbərliyi tərəfindən general Polad Həşimov küçəsində 29-cü məhəllədə onlara yer ayırmışlar ki, bu ağacları aparıb ora əkə bilərlər. Onlar da qonşuların həmin fevral ayında əkdiyi ağacları kökündən çıxarmış, çəkilişlə aparıb ayrılan yerlərdə Sumqayıt şəhər Mənzil-Tikinti İdarəsinin 2 saylı MİS-nin nümayəndələri ilə razılıqlı şəkildə oraya köçürmüşlər. Bu gün də faktiki olaraq o ağaclar həmin sahədə aqrotexniki qulluqla qalmaqdadır. X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin üç nümayəndəsi həm onlara aid hasarlanmış ərazidə olan ağacların, həm də köçürülən ağacların şəkillərini çəkmişlər. Lakin həmin ağacların yerinə yenidən 60 ədəd şam ağacları gətirmişlər. Onlar 81 ağac köçürmüşlər, onun yerinə yenidən 60 ədəd şam ağacı gətirilmişdir. Bunlara baxmayaraq ona 5000 manat cərimə yazmışlar. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində tətbiq edilmiş cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətlə razılaşmayaraq bildirmişdir ki, qeyd olunan ərazi mübahisəli ərazidir və xüsusi mülkiyyətlə MMC-nin mülkiyyətindədir, 2018-ci ildə tikintiyə icazə də alınmışdır. Lakin o icazənin müddəti beş ildir, beş il ərzində tikinti olmadığına görə artıq ekspertiza agentliyinin rəyinin heç bir əhəmiyyəti qalmamışdır. Bundan sonra vətəndaşlar oraya ağac əkmişlər, ərazi hasarlanmayıb, vətəndaş ümumi ərazi kimi ağac əkmişdir. Amma Yaşıllığın mühafizəsi haqqında Qanunda da, Yaşıllığın köçürülməsi haqqında 321 saylı qərarda da göstərilir ki, istisna ancaq xüsusi mülkiyyətdə olan həyətyanı, kənd təsərrüfatı və bağçılıqla bağlı olan ərazilərdir. Həmin ərazi xüsusi mülkiyyətdə olsa da həyətyanı olmadığı üçün, fərdi yaşayış evinin həyəti olmadığı üçün ağacları köçürmək və ya məhv etmək düzgün deyildir. Ekspertiza Agentliyinə müraciət olunmalıdır, agentlik rəy verdikdən sonra qərar və götürmə vərəqəsi ilə götürülməlidir. İcra hakimiyyətinə müraciət etmişlər, icra hakimiyyəti də agentliyə müraciət etmişdir, lakin müraciətin nəticəsini gözləmədən köçürmə etmişlər. Nəticədə də protokol yazıldıqdan sonra agentlikdən cavab gəlmişdir və cavab mənfi olmuşdur. Orada göstərilmişdir ki, ağac sayı çox olduğuna görə birdəfəlik köçürülmə mümkün deyildir. Məhkəmədən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 İXM-in 253-1.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli 89697 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ev 1a/3b-nin arxa hissəsində yerləşən Sumqayıt MMC tərəfindən yüksək mərtəbəli yaşayış binasının tikinti məqsədi ilə ayrılmış, hasara alınmış sahə daxilində yerləşən köküstə yaş halında müxtəlif cinsli ağac və kolların ETSN-nin müvafiq rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllıqların götürülməsi vərəqi olmadan köklə birlikdə torpaqdan çıxarılaraq Sumqayıt şəhəri, 29-cu məhəllə Polad Həşimov küçəsi ərazisindəki boş torpaq sahəsinə yerinin dəyişdirilərək köçürülməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi X15 Agentliyinin xx.xx.2018-ci il tarixli rəyinin ER-15/236 nömrəli rəyindən görünür ki, tikinti işlərinin aparılması Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 14-cü məhəllədə nəzərdə tutulmuşdur. (xx.xx.2014-cü il tarixli 70 nömrəli inşaat pasportu). Tikinti nəzərdə tutulan ərazinin bir hissəsi əvvəllər qeyriyaşayış məqsədləri üçün istifadə olunmuşdur. Mövcud vəziyyətdə ərazi tikili və yaşıllıqlardan azaddır. Sumqayıt şəhər icra hakimiyyəti başçısının xx.xx.2017-ci ii tarixli 275 nömrəli Sərəncamına əsasən həmin ünvanda 4000 kv.m sahədə çoxmərtəbəli yaşayış binası layihələndirilməsinə və 1950 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. Təqdim olunan layihə sənədlərinə əsasən ərazidə planda ölçüləri 31.0m x 20.80m olan A və B bloklarından ibarət 16 mərtəbəli yaşayış binası inşa olunacaqdır. Tikinti işləri tam başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçiriləcəkdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X3 Ekspertiza Baş İdarəsinin 24776 nömrəli, xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 14-cü məhəllədə yaşayış binaları (blok A və B; özül tavası) üzrə işçi layihəsi, bu rəyin 3-cü bölməsi tələbinin növbəti mərhələdə yerinə yetirilməsi şərti ilə, bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi Dövlət Memarlıq- Tikinti Nəzarəti Müfəttişliyi tərəfindən Sumqayıt MTK-nə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində hər biri 1 girişli 2 yaşayış binası tikintisi üçün 70 nömrəli, 21 noyabr 2014-cü il tarixli inşaat pasportu verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 258 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində 4000 kv.m. torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 275 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, «Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında» Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 14 noyabr 2014-cü il tarixli 258 nömrəli sərəncamı «Çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və ərazinin abadlaşdırılmasına icazə verilməsi haqqında» kimi oxunsun. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 14 noyabr 2014-cü il tarixli, 258 nömrəli sərəncamının 1-ci bəndi "xxxx" Mənzil Tikinti Kooperativinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində 4000 kv.m. sahədə çoxmərtəbəli yaşayış binası layihələndirilməsinə, tikintisinə və sökülməsi nəzərdə tutulan 1a/3b nömrəli 4 mərtəbəli yaşayış binasının yerləşdiyi sahə də nəzərə alınmaqla 1950 kv.m. sahənin abadlaşdırılmasına icazə verilsin» kimi oxunsun. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyayı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 189.6 kv.m qeyri-yaşayış binası X8 xüsusi mülkiyyətindədir və yaşayış məntəqələrinin torpağıdır. - Sumqayıt MMC-nin direktoru X13 tərəfindən 4 saylı Regional X20 Sərvətlər İdarəsinə ünvanlamış 02 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, Səməd Vurğun küçəsi, ev 1A/3B saylı binanın sakinləri tərəfindən tikintiyə maneçilik törətmək məqsədi ilə Sumqayıt MMC-yə məxsus ərazidə çoxlu sayda xırda ağac əkilməsi ilə bağlı məlumat verilmişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Sumqayıt MMC-nin direktoru X13 tərəfindən fəaliyyətlərinə müdaxilə edən şəxslərin dairəsini müəyyən edərək inzibati və yaxud cinayət məsuliyətinə cəlb edilmələri barədə müvafiq tədbirlər görülməsinə dair göstəriş verilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Sumqayıt MMC-nin direktoru X13 tərəfindən onların qanuni fəaliyyətlərinə müdaxilə edən şəxslərin ərazilərinə qanunsuz müdaxilə edərək nəzərdə tutulmamış yerdə əkdikləri ağac ştillərinin ekspertizasına apararaq həmin ərazidən köçürülməsinə dair göstəriş verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyətinin 5-6/2-383/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, tikinti altına düşən ağac və kolların köçürülməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi X15 X9 sədrinə müraciət olunmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Sumqayıt MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində "xxxx" MMC-yə ayrılmış torpaq sahəsindəki ağac və kolların köçürülməsinə köməklik göstərilməsi barədə 18 fevral 2025-ci il tarixli, 5-6/2-383/2025 saylı məktubla Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi X15 Agentliyinə müraciət olunmuş və Agentliyin 21 aprel 2025-ci il tarixli, 3-14- 22/2-597/2025 saylı cavabına əsasən, 4 saylı RETSİ-nin müvafiq əməkdaşları tərəfindən yerində baxış keçirilərək tərtib edilmiş (2025-ci il 15 aprel tarixli, 99/187/d nömrəli məktubla daxil olmuş) 4 aprel tarixli, 35/Y nömrəli aktda sözügedən ərazidə 224 ədəd müxtəlif cinsli (tut, şərq çinarı, iydə sərv, qovaq, ərik, şam, göyrüş, ayland, liqustr, fındıq və digər cinsli) yaşıllıqların olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na uyğun olaraq tənzimlənir və qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsi üçün əsas hesab edilən hallar qeyd edilmiş, 2.3-cü bəndində isə bu hallar istisna olmaqla yaşıllıqların götürülməsinin qadağan olunduğu bildirilmişdir. Odur ki, hal-hazırda sözügedən yaşıllıqların götürülməsi üçün hər hansı bir əsas yoxdur. - Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2025-ci il tarixli 35/Y nömrəli baxış aktından görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən torpaq sahəsində ümumilikdə 156 ağac və 68 kol köküstə yaş halda bioloji inkişafdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində yerləşən sözügedən torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir. Qeyd edilən ərazidə hər biri 1 girişli 2 yaşayış binasının tikilməsi üçün Sumqayıt MMC tərəfindən tikintiyə icazə alınmış, layihə sənədləri "xxxx" MMC tərəfindən hazırlanmış və Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmışdır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə X1 əməlində Azərbaycan Respublikası İXM-in 253-1.2-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, ağacların köçürüldüyü ərazi yaşayış məntəqələrinin torpaqlarına aiddir, həmin ərazi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Sumqayıt MMC-yə ayrılmış sahədir. Ərazidə tikinti işlərinin aparılması üçün Sumqayıt MMC tərəfindən tikintiyə icazə sənədi alınmış və X20 Sərvətlər Nazirliyi X15 Agentliyinin xx.xx.2018-ci il tarixli rəyinin ER-15/236 nömrəli rəyindən də göründüyü kimi həmin vaxt qeyd olunan ərazidə ağac və kollar mövcud olmamışdır. Bundan sonra qonşu binanın sakinləri tərəfindən həmin sahədə özbaşına ağac və kollar əkilmiş, bununla bağlı MMC-nin rəhbəri tərəfindən müvafiq orqanlara müraciət olunmuş və həmin ağac və kollar təhlükəsiz şəkildə başqa əraziyə köçürülmüşdür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 253-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə – vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə göstərilən halları, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası X20 Sərvətlər Nazirliyi 4 saylı Regional X20 Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar