Məhkəmə qərarları › İş №3(060)-1315/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1315/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1315/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi, həmçinin kiçik həcmli üzmə vasitəsinə baxış keçirilməsi haqqında protokollar tərtib edilmişdir. Lakin, müvafiq tədbirlər keçirilərkən Azərbaycan Respublikası İXM-in 92.2, 93.2 və 94.1-ci maddələrinin tələblərinə uyğun qaydada fasiləsiz video çəkiliş aparılmamış, yaxud aparılmışdırsa belə bu barədə protokollarda hər hansı qeyd aparılmamış və video görüntülər materiallara əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 92.2-ci maddəsinə əsasən şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Bundan əlavə təqdim edilmiş materiallara əsasən sərhəd sularında su-sərhədboyu rejim qaydalarının pozdulmasına görə “TA-2406” bort nömrəli, taxta tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi saxlanılmış, həmin üzmə vasitəsində 80 ədəd Zalom balığı aşkar edilmişdir. Qeyd edilən hal aşkar edilməsinə baxmayaraq saxlanılmış şəxslərin balıq ovlama üçün icazələrinin olub-olmaması məsələsi araşdırılmamış və bu halları təqsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, saxlanılan şəxslərin balıq ovlamağa icazlərinin olubolmamasının müəyyən edilməsi ona görə zəruridir ki, qeyd edilən icazə olmadığı halda müvafiq əməlləri törətmiş şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-in 272, yaxud Azərbaycan Respublikası CM-in 256-cı maddəsinin tərkib əlamətlərinin olubolmaması araşdırılmalıdır. Bunun üçün isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan”ın məbləğini müəyyən edilməsi qaydalarına uyğun olaraq aşkar edilmiş balıqların qiymətləndirilməsinin aparılması, balıq ehtiyatlarına vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi, nəticədən asılı olaraq şəxsin (şəxslərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsi məsələsi həll edilməlidir. Bunda əlavə hazırki inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXMnin 571-ci maddəsi ilə tərtib edilmiş və həmin maddənin sanksiyasında gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslərin iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslərin dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi maddənin sanksiyasında gəmi və ya digər üzən vasitə müsadirə edilməsi məsələsi də nəzərdə tutulmuşdur. İndiki halda “TA-2406” bort nömrəli, taxta tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi saxlanılsa da, həmin üzmə vasitəsinin qeydiyyat sənədləri və onun mülkiyyətçisi barədə hər hansı digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, üzmə vasitəsinin qeydiyyat sənədləri və onun mülkiyyətçisi müəyyən edilmədən Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsinə uyğun qaydada onun müsadirə edilib-edilməməsi məsələsinin də müzakirəsi mümkün deyil. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə göndərilmiş materiallarda “TA-2406” bort nömrəli, taxta tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi saxlanılması qeyd edilsə də, həmin üzmə vasitəsinin sonrakı taleyi barədə, yəni üzmə vasitəsinin hazırda harada saxlanılması barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə məhkəməyə göndərilmiş materiallarda “TA-2406” bort nömrəli, taxta tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi və həmin üzmə vasitəsində 80 ədəd zalom balığının aşkar edilməsi qeyd edilsə də, həmin maddi sübutların fotoşəkilləri çəkilərək materiallara əlavə edilməmiş və maddi sübutlar haqqında inzibati xəta haqqında protokolda hər hansı qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar