Məhkəmə qərarları › İş №3(060)-1317/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1317/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1317/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Cəbrayıl rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində X2 təpik zərbəsi ilə vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində X2 təpik zərbəsi ilə vurmuşdur. 09 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi istisna edildiyindən həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.X1 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə X5 onun yanına gəlmiş, zarafatlaşan zaman qəfldən onu yumruqla vurmuş, o da Süleymanı itələmişdir. Hal-hazırda zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, həyətində dükan işlədir. xx.xx.2023-cü il tarixdə Şəxs onun yanına gəlmiş, içkili olmuş, ona sözlə sataşmış, o da Fərhada getməsini bildirmiş, Fərhad getməmiş, ona təpik atmışdır. O da yumruqla Fərhadı vurmuşdur. Hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, 09 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi istisna edildiyindən həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.X1 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, vət. X1 barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 635 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində “sol qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol göz ətrafının qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 05.05.23-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 636 saylı rəyindən görünür ki, X1 bədəni üzərində “sol əlin İİİ-İV əl-daraq sümüyü proyeksiyasının yumşaq toxumaların şişkinlik fonunda əziyi” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 05.05.23-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan inzibati xətanı törətmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 ilə barışmışlar. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərşəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar