Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1320/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin İXP7159096 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. O, xx.xx.2025 tarixində polis əməkdaşı tərəfindən saxlanılmış və avtomobilinin ön şüşəsindəki çatla bağlı olaraq ona 150 manat məbləğində cərimə tətbiq olunacağını bildirmişdir. Bununla yanaşı, polis əməkdaşı avtomobilin cərimə meydançasına yerləşdirilməsini və şüşənin dəyişdirilmədən avtomobilin buraxılmayacağını qeyd etmişdir. Lakin o, xx.xx.2025 tarixində, yəni hadisədən iki gün sonra Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsinə əsasən tərtib olunmuş elektron inizbati xəta haqqında protokolu “SMS radar” üzərindən qeydə alındığını müşahidə etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində yol verilən inzibati xətaya görə avtomobilin cərimə meydançasına yerləşdirilməsi göstərilməmişdir. Bundan əlavə, avtomobilin xx.xx.2025-ci il tarixinədək duracaqda saxlanılması nəticəsində yaradılmış taksi xərclərinin, qanunsuz tətbiq olunmuş duracaq ödənişinin ona kompensasiya olunmasını, o cümlədən məsələnin ətraflı araşdırılmasını, duracağa yerləşdirmənin və protokolun qanuniliyinin qiymətləndirilməsini, tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, polis əməkdaşı ona idarə etdiyi avtomobilin ön şüşəsində çatın olması ilə yanaşı, avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyünün az olmasını bildirmiş, lakin naxışların qalmış hündürlüyünün nə qədər olmasını ölçüb müəyyən etməmişdir. Bundan əlavə avtomobili cərimə meydançasına yerləşdirilsə də ona təhvil-təslim aktı təqdim edilməmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində “X7” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı idarə edərkən avtomobilin konstruksiyasının digər ünsürləri nasaz olmuş və bu nasazlığın yerində aradan qaldırılması mümkün olmamışdır. Ona görə də sürücü X3 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın üzərində olan qeydlərdən görünür ki, sürücü X3 inzibati xəta hadisəsi ilə razılaşmamışdır. İş materiallarına əlavə edilmiş “X7” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin foto şəkillərindən görünür ki, ön şüşənin orta hissəsinə çatlar mövcuddur. Lakin, həmin çatların böyüklüyü və yerləşdiyi yer sürücünün görünüş dairəsini məhdudlaşdıracaq vəziyyətdə deyil. İş materiallarına əlavə edilmiş avtomobil şininin fotoşəkilindən görünür ki, protektordakı naxışların çöl hissəsi azalmışdır. Lakin, fotoşəkilə əsasən protektordakı naxışların qalmış hündürlüyünün nə qədər olması müəyyən edilmir, bununla bağlı hər hansı digər sənəd (protektorundakı naxışların qalmış hündürlüyünün ölçülüb müəyyən edilməsi barədə akt, protokol və s.) foto şəkillərə əlavə edilməmişdir (şikayətçi inspektorun məhkəməyə təqdim etdiyi foto şəkildə olan avtomobilləri şinin ona məxsus avtomobilə aid olmasını təsdiq etmişdir). Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində “X7” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı idarə edərkən avtomobilin ön şüşəsində olan çatlar olmasına və avtomobil şininin protektorundakı naxışların azalmasına görə Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən saxlanılmış və xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla sürücü X3 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, avtomobilin ön şüşəsinin orta hissəsində olan çatların böyüklüyü və yerləşdiyi yer sürücünün görünüş dairəsini məhdudlaşdıracaq vəziyyətdə olmamış, həmçinin protektordakı naxışların qalmış hündürlüyünün nə qədər olması müəyyən edilmir, bununla bağlı hər hansı əlavə sənəd də (protektorundakı naxışların qalmış hündürlüyünün ölçülüb müəyyən edilməsi barədə akt, protokol və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması müəyyən edilmişdir ki, sürücü X3 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-cü maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri də gözlənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilin ön şüşəsinin orta hissəsində olan çatların böyüklüyü və yerləşdiyi yerin sürücünün görünüş dairəsini məhdudlaşdıracaq dərəcədə olmamasının nəzərə alınmaması, həmçinin avtomobilin protektorundakı naxışların qalmış hündürlüyünün dəqiq müəyyən edilməməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi, sürücü inzibati xəta hadisəsi ilə razılaşmadığı halda YPX inspektorunun bilavasitə özü tərəfindən qərar qəbul edilməsi isə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməli, bu səbəbdən Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavədə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı nəzərdə tutulmuşdur. Həmin siyahının V hissəsinin 1-ci bəndinə əsasən minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Həmin siyahının Vİİ hissəsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə nəqliyyat vasitələrinin istismarı qadağan edilir. Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1320/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1320/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver