Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1324/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 24 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li və inzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı ******* №-li xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 24.05.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1860/2020 saylı, 15.07.2020-ci il tarixli icra sənədinə əsasən 3.400 manat məbləğində pulu X3 ödəməlidir. Borclu borcundan cəmi 300 manat ödəniş etmiş, qalan borcunu üzürsüz səbəbdən ödəmir. 24.05.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-623/2020 saylı, 19.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5945.09 manat borcu Bank of Baku ASC-yə ödəməlidir. Lakin borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. 24.05.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokola əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3211/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat məbləğində cərimə olunmuş, lakin cəriməni ödəməkdən boyun qaçırır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərtib etdiyi protokollara uyğun olaraq bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1860/2020 saylı, 15.07.2020-ci il tarixli icra sənədinə əsasən 3.400 manat məbləğində pulu X3 ödəməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-623/2020 saylı, 19.04.2021-ci il tarixli icra sənədinə əsasən 5945.09 manat borcu Bank of Baku ASC-yə ödəməlidir. Lakin borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3211/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat məbləğində cərimə olunsa da bu cəriməni ödəməkdən də boyun qaçırır. Bundan başqa icra idarəsində ılavə olaraq iki icra vərəqəsi də vardır. Borclu həmin icra sənədlərinin də icrasından yayınır. Bundan başqa borclu daim çağırışlardan da yayınmış, nəticədə borclu barəsində axtarış elan edilmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilmir. Lakin məhkəmə tərəfindən borcunu ödəməsi üçün ona müəyyən müddət verilərsə o, borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1860/2020 saylı, 15.07.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X4 məhkəmə iclasında bildirdi ki, borclu həm onu, həm də icra məmurunu dəfələrlə aldatmış, qərəzli olaraq borcunu ödəməkdən yayınmışdır. Halbuki o borcluya şans verərək borcunu hissə-hissə, hər ay 50 manat belə ödəməsinə razılıq vermişdir. Lakin borclu yenə də icra məmurunu və onu aldadaraq borcunu ödəməmişdir. Ona görə də hesab edir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınır. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdəndir. Belə ki, borclu bu müddət ərzində borcundan cuzi belə ödəniş etməmiş, icra məmurunun çağrışlarından yayınmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətaların xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxs müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi üç inzibati xətaya dair işlərə eyni vaxtda baxıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə əsasən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, həmin Məcəllənin 34.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehlər toplanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tənbehlər qismən toplanılmaqla Şəxs qəti olaraq 35 (otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 may 2022-ci il, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1324/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1324/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver