Məhkəmə qərarları › İş №3(060)-1324/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1324/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1324/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin xx.xx.2025-ci il tarixli, EQ 26715824 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 26715824 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Orxan Hacıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan Orxan Hacıyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Orxan Hacıyev şikayətini onunla əsaslandırmışdır ki, ** CJ *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobili Anar Əmikişiyevin ona verdiyi etibarnamə ilə o idarə edir. Belə ki, xx.xx.2025-ci il 12:20 tarixində M2 E60 AH5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun 425 km-də hərəkət edən zaman Zəyəm körpüsünün altında gizlənərək Göyçay rayonun YPX avtomobili ona qeyri-qanuni olaraq 328.2-ci maddəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini (21-40) km/saat həddini aşdığına görə EQ 26715824 saylı protokol tərtib edilmişdir. Onun avtomobilinin sürət həddini qeydə alan YPX avtomobilin tərtib edilmiş protokola əlavə olaraq ona göndərilən foto və videoda açıq-aşkar körpünün dayaqlarının arxasında gizləndiyi görünür. Azərbaycan Respublikasinin Konstitusiyanın 63-cü maddənin 4-ci hissəsinə uyğun olaraq qanunu pozmaqla əldə edilmiş sübutdan istifadə oluna bilməz. YPX inspektorunun ona EQ 26715824 saylı inzibati xəta haqqında protokol tərtib etməsi sübut kimi sayıla bilməz. Bu zaman şəxs cərimə oluna bilməz. Belə ki, bu halda sürücü məsuliyyət daşımır. Bu səbəbdən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X4 İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs Orxan Hacıyev məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, BDYPİ-dən işçi qaydasında əldə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-cü ildə saat 12:20 radələrində Bakı-Ələt- Qazax-Gürcüstan yolunun 415-ci km ərazisində keçən hissəsində sürücü Orxan Hacıyev idarə etdiyi “MİTSUBİSHİ PAJERO MİNİK” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət yolunda yolun sol hissəsində dayanmış vəziyyətdə olan yol patrul xidməti avtomobilinin üzərinə quraşdırılmış xüsusi texniki vasitə ilə sürət həddini ölçüldüyü, nəticədə həmin avtomobilin sürət həddini 21-40 km/saat həddində aşdığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət verən şəxs Orxan Hacıyevin şikayətinin dəlillərini işdə olan və onun tərəfindən təqdim edilmiş, o, cümlədən məhkəmə tərəfindən əldə edilərək tədqiq edilmiş sübutları qiymətləndirib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Orxan Hacıyevin özünü İXM-nin qeyd edilən maddəsi ilə təqsirli bilməməsi ilə bağlı şikayət ərizəsində qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, o, özünü müdafiə etmək, yəni məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda ərizəsində qeyd etmişdir. “Yol Patrul Xidmət haqqında” Təlimatın 8.1-ci maddəsinə əsasən, X4nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. “Yol Patrul Xidmət haqqında” Təlimatın 4.3-cü maddəsinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Videogörüntüdən müəyyən edilmişdir ki, Orxan Hacıyev Bakı-Ələt-Qazax- Gürcüstan yolunda olarkən müəyyən edilmiş sürət həddini aşmaqla avtomobili idarə etmişdir. Həmin videoçəkiliş isə YPX avtomobilinə quraşdırılmış videomüşahidə kamerası vasitəsilə aparılmışdır. Videodan aydın görünür ki, Orxan Hacıyev magistral yolda müəyyən edilmiş sürət həddini aşmaqla avtomobili idarə etmişdir və həmin zaman patrul avtomobilinin görünüşünü məhdudlaşdıran hər hansı maneə görüntüdən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yollarda müəyyən edilmiş sürət həddini gözləmək sürücülərin vəzifələrindən biridir. Qanunun tələblərinin pozulması sonuncunun məsuliyyətə cəlb edilməsi üçün əsas olacaqdır. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Orxan Hacıyevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Baş X4 İdarəsi Mərkəzi İnformasiya Sisteminin EQ 26715824 saylı, xx.xx.2025 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar