Məhkəmə qərarları › İş №3(060)-1325/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1325/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1325/2025 02.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, idman müəllimi işləyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 7A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri, 36-cı məhəllə, “Sumqayıt Biznes Mərkəzi”ndə insanların olduğu yerdə uca səslə qeyri-etik ifadə işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, sözügedən “Sumqayıt Biznes Mərkəzi”ndə azyaşlı tələbələrin olduğu yerdə Şəxs qeyri-etik ifadələr işlətmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, zərəçəkmiş şəxslə 2015-ci ildə ailə həyatı qurmuşdur. Onların nikalarından bir övladları var. Uşaq anasının himayəsindədir. O, xx.xx.2025-ci il tarixdə Ləmana zəng etsə də, o, telefonu götürməmişdir. Ondan qabaq telefonda Ləman onu söymüş, o da Ləmana qarşılıq vermişdir. Bu səbəbdən onun iş yerinə getmiş, Ləmanın qapısını döymüş, o, qapını açmamışdır. Sonra çıxıb getmişdir. Daha sonra uşağı götürüb Ləmanın yanına gəlib təhvil vermişdir. O, Ləmanı söyməmiş, döyməmiş, hay-küy yaratmamışdır. Ləman ona telefonda şərəfsiz kəlməsini işlətmiş, o da telefonda Ləmana cavab qaytarmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ötən beşinci gün uşağın atasına uşağı kursdan götürməsi üçün zəng etmişdir. O, hər zamankı kimi uşağı götürə bilməyəcəyini bildirmiş, aralarında söhbət zamanı ona “şərəfsizlik etmə” demişdir. Əli də telefonda onu söymüşdür. Əli ona qarşı kursda heç bir nalayiq ifadə işlətməmiş, yalnız qapını döymüş, o qapını açmadıqda çıxıb getmişdir. Nalayiq ifadəni yalnız telefon danışığı zamanı işlətmişdir. İş materiallarında olan izahatı həyəcanlı olduğundan polisin yönləndirməsi ilə yazmışdır. Qeyd edilənlərə əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Rəşad Behbudov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsindən zəng vuraraq keçmiş həat yoldaşı Şəxs ***-***-**-** nömrəsindən zəng edərək ona nalayiq ifadə işlətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-də verdiyi izahatında xx.xx.2025-ci il tarixdə işlərinin çoxluğu ilə əlaqədar Şəxs zəng edərək uşağı kursdan götürməsini bildirdiyini, bu zaman Şəxs onunla kobud danışaraq telefonda onu söyüb, təhqir etdiyini, daha sonra işlədiyi kursa gələrək onu narahat etdiyini, hər kəsin içərisində söyərək təhqir etməsini, şərəf və ləyaqətini alçaltmasını qeyd etmişdir. Lakin, məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs onun iş yerinə gəldiyini, qapını döydüyünü, o, qapını açmadıqda isə çıxıb getdiyini, ona qarşı iş yerində hər hansı nalayiq ifadə işlətmədiyini, şərəf və ləyaqətini alçaltmadığını, sadəcə telefonda ona qarşı söyüş işlətdiyini bildirmiş, həmçinin polis idarəsində yazdığı izahatını həyəcanlı olduğundan polis əməkdaşının diqtəsi ilə yazdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, işin halları ilə təsdiq edilir ki, mübahisə Şəxs ilə Zərərçəkmiş şəxs arasında telefonda ailə münasibətləri zəmnində baş vermişdir. Şəxs Zərərçəkmiş şəxs işlədiyi yerə getsə də onu təhqir etməmiş və ya ictimai yerdə ona qarşı hər hansı ifadə işlətməmişdir. Zərərçəkmiş şəxsin öz izahatı ilə də bir daha təsdiq edilmişdir ki, Şəxs ona qarşı iş yerində - ictimai yerdə hər hansı təhqiredici söz və ya ifadə işlətməmiş və ictimai yerdə qaydaları pozmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ifadə olunur. Normanın məzmunundan göründüyü kimi burada ən vacib dispozitiv şərt ictimai qaydanı pozan hərəkətlərin mövcud olmasından ibarətdir. Lakin, indiki halda Şəxs hər hansı ictimai qaydanı pozması müəyyən edilməmiş, sonuncu yalnız telefonda ailə münasibətləri zəmnində Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 03 sata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar