Məhkəmə qərarları › İş №3(060)-1328/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1328/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1328/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Murad İbrahimovun, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəh., anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs söyərək təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı Murad İbrahimov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Şəxs mənzildə saldığı səs-küyü həmin binada yaşayan qonşular da eşitmiş və bu barədə binanın komendantına öz şikayətlərini bildirmişlər. O, komendantı izahat vermək üçün polis bölməsinə dəvət etsə də, sonuncu bundan imtina etmiş, lakin şifahi qaydada mənzildə baş vermiş səs-küydən qonşuların ona şikayət etdiyini o da öz iradını mənzildə yaşayan şəxslərə bildirdiyini demişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2021-ci ilin iyun ayından Şahid ilə ailə həyatı qurmuş, birgə nikahlarından 09 aylıq övladları var. O, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 13 may 2023-cü il tarixdə həyat yoldaşı Şahid işdən götürüb yaşadıqları mənzilə qayıdarkən yolda Aytəndən “Tik-Tok” sosial şəbəkəsində öz videosunu paylaşmasının səbəbini soruşmuşdur. Sonuncu isə ona yaxşı etdiyini bildirmişdir. Daha sonra o, yoldaşı ilə birlikdə qaynanası və özünün ailəsi birlikdə kirayədə yaşadığı ünvan 2 ünvanına gəlmişlər. Evə daxil olduqda qaynanası Zərərçəkmiş şəxs qızı Aytənin Tik-Tok” sosial şəbəkəsində öz videosunu paylaşması barədə iradını bildirmişdir. Qaynanası Zərərçəkmiş şəxs qızı Aytənin yaxşı etdiyini bildirəndə o, əsəbiləşmiş və evin içində nalayiq ifadələr işlətmişdir. Bundan sonra onların söz və nalayiq ifadələrdən ibarət olan mübahisəsi başlamışdır. Birinci nalayiq ifadə işləməyə o başlamış, lakin o, yalnız evin içində nalayiq ifadələr işlətmişdir. Mübahisə bitdikdən sonra mənzili tərk edib, oradan uzaqlaşmışdır. Qonşuların şikayətçi olması barədə onun heç bir məlumatı yoxdur. Hazırda törətdiyi əməli etiraf edir və çox peşmandır, bir daha belə pozuntulara yol verməyəcəyinə söz verir. Himayələrində 01 azyaşlı övladı var. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, qızı Şahid 2021-ci ildə Şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01 övladları var. 13 may 2023-cü il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən qızı və kürəkəni Şəxs oraya gəlmişdir. Şəxs mənzilə daxil olan zaman heçnə demədən nalayiq ifadələr işlətməyə başlamışdır. Onun bu davranışlarını gördükdən sonra evin qapısını açmış və Namazdan evi tərk etməsini tələb etmişdir. O, Şəxs qışqırmamağı, qonşuların onların səsini eşitdiyini bildirmişdir. Lakin Şəxs ona heç bir məhəl qoymamış, qapının ağzında qışqırmağa və onu təhqir etməyə davam etmişdir. Daha sonra çətinliklə kürəkənini evdən çıxara bilmişdir. Şəxs isə pilləkənlar ilə aşağı düşə-düşə qışqırmağa davam etmişdir. Mübahisədən bir müddət keçdikdən sonra binanın komendantı zəng edərək, mənzildə nə baş verdiyini soruşmuş, qonşuların yaranmış səs-küydən narahat olduqlarını, onlardan şikayət etdiklərini bildirmişdir. O, daha sonra polis əməkdaşlarına bu barədə məlumat vermiş, təxminən 02 saat sonra gəlib onlardan izahat almışlar. Şəxs şikayətçidir, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən dindirilən Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, zərərçəkmiş və şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 01 azyaşlı övladının olmasını, AR İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, 24 saylı mənzildə və binanın blokunda olan zaman ucadan qışqıraraq və nalayiq küçə söyüşləri söymüş, ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional vəkil Burosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar