Məhkəmə qərarları › İş №3(060)-1331/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1331/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1331/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1962-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qubadlı rayonunda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qaçqınlar şəhərciyi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2025-ci il tarixdə saat 12:05-də, ***-***-**-** nömrəsindən “102” xidmətinə zəng edərək mərhum ərinin vəfatı ilə bağlı müavinatı və aidiyyəti sənədi almaq üçün müraciət edəndə “Asan Xidmət” Mərkəzinin əməkdaşlarının onu məsxərəyə qoymasından şikayət edərək işçilərə təhqiredici ifadələr işlətmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, icraatına daxil olmuş raportdan məlum olmuşdur ki, Şəxs “Asan Xidmət”ə bir müddət öncə vəfat edən həyat yoldaşının ölümü ilə bağlı müavinat və lazımi sənədləri götürmək üçün müracət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Daha sonra sonuncu “102” xidmətinə zəng edərək xidmət göstərən operatorla dialoq zamanı polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə İXM-nin 510-cu maddəsinin tələblərini pozaraq xırda xuliqanlıq əməli törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həyat yoldaşı 1 ay 10 gün öncə vəfat etmişdir. 13 may 2025-ci il tarixdə mərhum həyat yoldaşının vəfatı ilə bağlı müavinət və lazımi sənədləri almaq üçün Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə müraciət etsə də, nə müavinət, nə də sənədləri əldə edə bilmişdir. Bununla bağlı “102” xidmətinə zəng etmiş, polislərin onu ələ saldığını bildirərək onlardan şikayət etmişdir. Telefon zəngi zamanı nalayiq ifadə işlətmişdir. Məhkəmə iclasında o, təqdim edilmiş səs yazısının ona məxsus olduğunu təsdiq etmişdir. Əməlindən çox peşmandır, himayəsində 1-ci qrup əlil qızı var. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs törətdiyi əməlin xarakterini, təhlükəliliyini, etdiyi hərəkətin mahiyyətini dərk etmədiyi bildirmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”-la baş vermiş hadisə ilə əlaqədar DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini, polis polkovniki Xaqani Cəfərov Sumqayıt ŞPİ-nin rəisinə müraciət etmişdir. Məhkəmə iclasında 01 ədəd DVD diskdə olan səs yazısı dinlənilərkən Şəxs həqiqətən də DİN 102 Xidmətinin şikayətləri qeydə alan operatoru ilə dialoqu zamanı onun polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi olaraq etirafedici izahatı, iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:05 radələrində “102” xidmətinə zəng edərək nalayiq ifadələr işlətməklə hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydanı kobud surətdə pozmuşdur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını , himayəsində əlil övladının olmasını İXM-nin 32.1.1 və 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən işin hallarını, əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün yetərlidir, bu səbəbdən təqsirli bilindiyi maddənin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə və həmin qərara dəyişikilik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərara əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar