Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1332/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Bakı şəhər X8 İdarəsinin 06 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul olunmuş 06 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 eyni zamanda şikayətin Sumqayıt Şəhər Məhkəsində baxılması üçün vəsatətlə müraciət edərək bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşadığından hazırkı şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində H.Əliyev X.Şuşinski küçəsində İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması (yolayrıcını keçmə qaydalarının pozulması) əsası ilə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında xx.xx.2022-ci il tarixli inzibati qərar tərtib edilmişdir. Yuxarıda sözügedən ərazidə avtomobili hərəkət edərkən yolda sıxlıq mövcud idi və işıqforun yaşıl rəngli işığı yanan zaman hərəkətə keçərək yolu keçmişdir. Nişanlanma xətti-sarı toru keçdikdən sonra yenidən avtomobillər hərəkətlərini dayandırdı və avtomobili yalnız 3-4 saniyə müddətində dayandıqdan sonra isə yenidən hərəkətə keçdi. Bir sözlə, işıqforun qadağan siqnalı yanmadan yolu keçmiş, bu zaman ondan arxada hərəkət edən avtomobillərə heç bir maneə törətməmiş, eyni zamanda yolu kəsməmişdir. O əsnada isə İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşı tamamilə əks yoldan dönərək (bu zaman nə sayrışan işıqları, nə də səs siqnallarını qoşmamışdı) avtomobilimin hərəkət etdiyi istiqamətdə avtomobilindən irəlidə maşınların arasına daxil olmuşdur. Sözügedən polis əməkdaşı onun hərəkət etdiyi zolaqda deyil, sol zolaqda irəlləmişdir. O, öz avtomobili ilə həmin polis əməkdaşının olduğu operativ nəqliyyat vasitəsinin yanından keçərkən ona yol verməməyindən dolayı avtomobilini saxlamış və işıqforun qadağan siqnalı yanan zaman yolu keçdiyini iddia edərək qərəzli şəkildə barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Dəfələrlə işıqforun yaşıl rəngli işığı yanan zaman keçdiyini izah etsə də, polis əməkdaşı onun izahlarına məhəl qoymamış, eyni zamanda bunun əksini sübut edəcək hər hansı görüntü və ya sübut təqdim etməmişdir. Sözügedən polis əməkdaşının təqsirli olduğunu sübut edən heç bir dəlil irəli sürmədiyi halda adi sıravi vətəndaşa qərəzli şəkildə İXM-nin 327.2-ci maddəsini əsas gətirərək (ki buna əsas ola biləcək heç bir dəlil mövcud deyildir) inzibati cərimə tətbiq etmək polis əməkdaşlarının birbaşa vəzifələrindən suiistifadə etmə, ümumilikdə isə korrupsiyaya yol vermə faktıdır. Heç bir təqsiri olmadığı halda vətəndaşa inzibati cərimənin tətbiq edilməsi haqq və ədalətə, bununla da humanizmə uyğun olmayan haldır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 03 iyun 2022-ci il tarixə təyin edilmiş, lakin Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati protokolu tərtib edən polis kapitanı X3 məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı işin baxılması 17 iyun 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Bakı şəhər X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 iyun 2022-ci il tarixdə məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətinə uyğun izahat verib Bakı şəhər X8 İdarəsinin 06 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 06 aprel 2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 13 may 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o 60,00 (altmış) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Bakı şəhər Baş Polis İdarəsi X8 idarəsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən idarə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Bakı şəhər X8 idarəsi X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhər X8 idarəsinin X4 barəsindəki 06 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş 13 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1332/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1332/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver