Məhkəmə qərarları › İş №3(060)-1332/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1332/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1332/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sumqayıt şəhəri, 41-ci məh., yat 1, otaq 55 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2919 saylı icra sənədinə əsasən borclu Şəxs ümumi 5100 manat borcdan ödənilərək qalıq qalmış 3700 manat vəsaiti üzrsüz səbəbdən tələbkara ödəməkdən yayınmış, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Gündüz Aslanov bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2919 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5100 (beş min yüz) manat məbləğində pul vəsaiti alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı tam icra edilməmiş, halhazırda borclunun tələbkara 3700 manat ödənilməmiş borcu qalmışdır. Borclu icra sənədi üzrə yığılmış borcundan yalnız 1400 manat ödəniş etmişdir. Bundan öncə də borclu icra sənədi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün barəsində iki dəfə inzibati protokol tərtib edilmişdir. Birinci dəfə yəni xx.xx.2019-cu il tarixdə borclu barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmiş, məhkəmənin müvafiq qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra 06 yanvar 2021-ci il tarixdə məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilmədiyi üçün Şəxs barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər məhkəməsinə təqdi edilmiş, Məhkəmənin müvafiq qərarı ilə borclu AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cərimə məbləği borclu tərəfindən hissəhissə ödənilir. Belə ki, onda bu faktları təsdiq edəcək ödəniş qəbzləri olmasa da, borclunun dediyinə görə 150 manata yaxın ödəniş etmişdir. Həmin inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə hansısa tədbir görməmişdir. Bundan başqa borclunun hal-hazırda "xxxx" MMC-də sürücü vəzifəsinə işə düzəldiyini bildirmiş, yaxın zamanda əmək haqqından tələbkarın xeyrinə qalıq borcun tutulması məqsədilə həmin müəssisəyə müvafiq məktub göndəriləcəyini bildirmişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2919 saylı icra sənədinə əsasən onun tələbkara 3700 manat ödənilməmiş qalıq borcu vardır. Hazırda sürücü işləyir və rəsmi qaydada 556 manat əmək haqqı alır. İcra sənədi üzrə qalıq borcun əmək haqqından tutulmasına etiraz etmir. Bundan başqa icra sənədi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 500 manat cərimə edilsə də, işsiz olduğundan həmin cərimə inzibati tənbehin cəmi 80 manata yaxın hissəsini ödəyə bilmiş, lakin ödəniş etməsini təsdiq edən ödəniş qəbzi hal-hazırda üzərində yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-179/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbiəğdə cərimə edilir. İş matariallarından da məlum olduğu kimi, hal-hazırda AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunması üçün mövcud olmuş əsaslar üzrə icra məmuru tərəfindən 06 yanvar 2021-ci il tarixdə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin eyni tarixli qərarı ilə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan cərimə növündə inzibati tənbeh tədbiri icra edilmədən, yenidən eyni fakt üzrə icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. AR İXM-nin 529.2-ci maddəsinə görə Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə protokol tərtib edilir. Belə olan halda məhkəmə hesab edir, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 179/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə Şəxs tərəfindən qanunla müəyyən edilmiş vaxtda icra edilmədiyi üçün ilk öncə onun barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilməli, həmin protokola hüquqi qiymət verildikdən sonra növbəti mərhələdə zərurət yaranacağı təqdirdə hazırki məzmunda inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilə bilərdi. Lakin göründüyü kimi icra məmuru tərəfində qanunun qeyd olunan tələbinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində eyni fakt üzrə Sumqayıt Şəhər Məhkəməsinin inzibati tənbeh etmək haqqında qərarı olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.7-ci maddəsinə görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar