Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1333/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X1 Murad Eldəniz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib və 4-cü Polis Bölməsinə ərizə yazaraq xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində Şəxs və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə məlumat vermişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Rəyə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Ona görə də cinayət işinin başlanması rədd edilmiş, eyni zamada təqsirkar şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi yarandığı üçün onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərar onlara göndərilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, anası və atası ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində iştirak etmişdir. Həmin toyda onun dayısı oğlu Sənan və arvadı iştirak etmişlər. Onların əyləşdiyi masanın yanında sonradan adını bildiyi Ömər və nişanlısı əyləşmişlər. Həmin şəxslər araq içmişlər və özlərini normal aparmamışlar. Belə ki, içkili halda nalayiq ifadələrdən istifadə etmişlər və bəzi qeyri-etik hərəkətlərə yol vermişlər. Buna görə də Ömərə yaxınıaşaraq toyda onların da ailə üzvlərinin olduğu və özünü normal aparmasını xahiş etmişlər. Lakin, Ömər onların dediklərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də o, Sənanla birlikdə Öməri foyeyə dəvət etmişlər. Ömər pilləkənə çatan zaman onu itələmiş və bu zaman onlar əlbəyaxa olmuşlar. O, Ömərin üzünə yumruqla bir dəfə zərbə endirmişdir. Budan sonra toyda olan digər şəxslər onları ayırmışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də sonuncu barışıq əldə etməyəcəyini bildirmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, nişanlısı ilə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən Taleh Salmanovun toy məclisində iştirak etmişlər. O, toyda spirtli içki qəbul etmiş, lakin içki qəbul etməsinə baxmayaraq heç bir qeyri-etik hərəkətə yol verməmişdir. Toyda oynadığı zaman iki nəfər tanımadığı şəxs onu foyeyə çağırmışlar. O, foyeyə çıxan zaman həmin şəxslər yumruq və təpik zərbələri ilə onu vurmağa başlamışlar. Bundan sonra orada olan digər şəxslər onları ayırmışlar. Hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nələr baş verməsini xatırlamır. Onu döyən şəxslər barəsində şikayət etmiş və sonradan həmin şəxslərin Murad Məstalıyev və Sənan Şahməmmədov olmasını bilmişdir. Hazırda həmin şəxslərdən şikayətçidir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X5 bildirmişdir ki, iş materiallarında olan video görüntülərdən ilkin olaraq zərərçəkmiş şəxs Şəxs hücum etdiyi və mübahisənin qarşılıqlı olaraq davam etdiyi görünür. Mübahisə zərərçəkmiş şəxsin nişanlısı ilə yol verdiyi əxlaqsız hərəkətləri nəticəsində başlanmışdır. Əslində zərərçəkmiş şəxsin özünün də əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi var. Sadəcə bir tərəf şikayət vermədiyi üçün zərərçəkmiş şəxsin barəsində icraat başlanmamışdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, hüquqlarını müdafiə etdiyi şəxs gəncdir, onu mənfi xarakterizə edən hər hansı hal yoxdur və hər şeyə baxmayaraq peşman olmasını bildirir. Göstərilən halların nəzərə alara Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, diskə baxış keçirib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Xarı bülbül” restoranında keçirilən toy məclisində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 481 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər- sol yanağın, sol kürəküstü nahiyyənin, sol bel nahiyyəsinin qançırı, boynun, sağ əlin V barmağının sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar tərəfində əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1770 saylı, 16 aprel 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs həmin tarixdə saat 00:10-da orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur (0,610 promilli). İş materiallarında olan video görüntülərdən görünür ki, Şəxs əlini Zərərçəkmiş şəxs çiyninə qoyaraq restoranın pilləkəninə doğru irəliləyirlər, daha sonra görüntüyə düşmədikləri vaxt mübahisələri başlayır, bir qədər sonra isə təkrar görüntülərə düşürlər və həmin vaxt onların qaşılıqlı olaraq bir-birlərini vurmaları, ətrafda olan digər şəxslərin onları ayırması müşahisə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, hadisə zamanı qeydə alınmış video görüntülər, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1333/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1333/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver