Məhkəmə qərarları › İş №3(060)-1335/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1335/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1335/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala baxaraq müəyyən etdim: Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 may 2023-cü il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəlləinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yaranması üçün icra məmuru tərəfindən borcluya bildiriş təqdim edilməli, ona təyin edilmiş könüllü icra müddəti başa çatdıqdan sonra boclunun hərəkətləri qərəzli olaraq icra sənədinin icrasında yayınmaq və icra məmurunun göstərişlərinə əməl etməməsi kimi qiymətləndirilə bilər. Odur ki, boclunun icra sənədi barədə məlumatının aldığı vaxt əhəmiyyətlidir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən icra sənədinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icra edilməsi barədə bildirişin Şəxs çatdırılmasını təsdiq edən hər hansı sənəd və ya məlumat yoxdur. Yalnız inzibati protokol tərtib edilən şəxsin imzaladığı 19 may 2023-cü il tarixli bildiriş əlavə edilmişdir. Məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 may 2023-cü il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar