Məhkəmə qərarları › İş №3(060)-1335/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1335/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1335/2025 04.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, TLD MMC şirkətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 16-ci mikrorayon, ev 5 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4317/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs1 ASC-yə olan 2805,90 manat pulu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2181/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs2 olan 590 manat borcu qərəzli olaraq ödəməmiş, icra məmurunun tələblərini icra etməyərək onunla kobud rəftar etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, şəxsin ünvanına sənədin icrası ilə bağlı bildiriş göndərilmişdir. 2013-cü ildən hər ay 50-100 dollar ödəyəcəyini bildirmişdir. Onun 1677 dollar yəni 2850,9 manat və 30 manat dövlət rüsumu borcu qalmış, daha sonra onun pensiyasının 75 manat da tutulmuşdur. xx.xx.2025-ci il tarixli protokoldan da göründüyü kimi hazırda Zərərçəkmiş şəxs1 ASC-yə 2805,90 manat və Zərərçəkmiş şəxs2 isə 590 manat borcu vardır. Digər borcdan da ödəniş etməmiş, onun pensiyasına yönəldilmiş və üç ay 75 manat, bir ay isə 65 manat məbləğində pul tutulmuşdur. Tələbkar ərizə vermiş və borcun tam ödənilməsini tələb etmişdir. Borcun borclunun pensiyasından tutulması üçün tutma yönəldilmişdir. Lakin, pensiya kartı anasında olduğu üçün pulu tam ödəyə bilməmişdir. Hər ay 75 manat pul tutulmuşdur. Bu gün idarəyə gəlmiş və onun aldığı 150 manat məbləğində pensiyanın bütövlükdə tutulduğu bildirmişdir. Borcluya inkasso sərəncamları da təqdim edilmiş, lakin, yenə də razılaşmamışdır. 2(060)-4317/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədi əvvəl başqa icraçıda olmuş, 6 aydır ki, onun icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən qanunauyğun tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab etməyərək bildirmişdir ki, TLD MMC-də 5 aydır ki, işləyir, lakin 5 ay ərzində iki dəfə əmək haqqı almışdır, həmin MMC-də iş olduqda həmin ay üçün əmək haqqı ödənilir. İşləmədiyi üçün, həmçinin xəstəliyi ilə əlaqədar olaraq borcu ödəyə bilməmişdir. Onun pensiyasından Zərərçəkmiş şəxs2 borcunun ödənilməsi üçün 75 manat pul tutulması qeyd edilsə də, 150 manat məbləğində pensiyası tamamilə tutulmuşdur. Lakin, hazırda yenə də 590 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs2 borcundan həmin günə 100 manat, yaxın günlərdə isə tam məbləği ödəyəcəyini bildirmiş, digər icra sənədi Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli olan borcu birdəfəyə ödəməyə imkanı olmadığını, onun pensiyasına yönəndilməsini xahiş etmişdir. Onun ödənişlərdən yayınmadığını, üçüncü qrup əlil olmasını nəzərə alaraq, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi bildirmişdir ki, şəxsin əməlində qərəz olmamışdır. Belə ki, o, bu gün zərərçəkmiş şəxslərdən birinə 100 manat ödəyəcəyini bildirmiş, qalan məbləği də bayramdan sonra ödəyəcəyini bildirmiş, məhkəmədən qərar qəbul edilərkən onun üçüncü qrup əlil olmasını nəzərə almasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2181/2024 nömrəli icra sənədinə əsasən borclu Şəxs 850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Sumqayıt Şəhər İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)- 2181/2024-006 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 2(060)- 2181/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-4317/2013 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs və X3 müvafiq qaydada xx.xx.2012-ci il tarixli 143-12 AYİB nömrəli kredit müqaviləsi üzrə 2500 ABŞ dolları əsas, 455,71 ABŞ dolları gecikdirilmiş faiz, 73,89 ABŞ dolları cərimə məbləği, cəmi 3029,60 ABŞ dolları məbləğində borc, qətnamə icra olunduğu günün məzənnəsinə uyğun olaraq milli manat ekvivalenti ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. Sumqayıt Şəhəri üzrə İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)- 4317/20113 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt Şəhər İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-4317/13 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-2181/2024 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-4317/2013 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2181/2024 nömrəli icra sənədlərinə əsasən icraata başlama barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu icra sənədini xəstəliyi ilə əlaqədar icra edə bilmədiyini, 2024-cü ilin icra sənədi üzrə 590 manat borcunu yaxın günlərdə tam ödəyəcəyini bildirmiş, digər Zərərçəkmiş şəxs1 ASC-yə olan borc məbləğinin pensiyaya yönəldilməsini xahiş etmişdir. Lakin, tələbkarlar isə borcun tam ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs üçüncü qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar