Məhkəmə qərarları › İş №3(060)-1337/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1337/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1337/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 və X4 iştirakları ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən inzibati xəta haqqında 19 may 2023-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 19 may 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 29022233 nömrəli vaqonla göndərilmiş “etilen polimerlərinin plastik qranulları" yükü xx.xx.2023-cü il tarixli, **********5689 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətiriİməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin vaxtında verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Gömrük Prosedurları və Ödənişləri" şöbəsindən daxil olmuş 34/012/002260 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 29022233 nömrəli vaqonla göndərilmiş xx.xx.2023cü il tarixli, **********5689 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********5689 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmiş, İran İslam Respublikasından “etilen polimerlərinin plastik qranullan” yükü 29022233 nömrəli vaqonla göndərilmiş və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda xx.xx.2023-cü il tarixdə saat 00:15-də Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair elektron formada **********037 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 00:55-də verilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-cİ bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, AR Konstitusiyasının 125.7-ci maddəsinə əsasən məhkəmə həqiqəti müəyyən etməlidir. Belə ki, müəyyən olunmuş Qaydalara əsasən Qısa idxal Bəyannaməsi vasitəsi ilə ölkəyə idxal olunan mallar haqqında yüklər sərhəddi keçməzdən əvvəl Gömrük orqanlarına məlumat verilməlidir. Belə olan halda yük Astara şəhərində Dövlət Gömrük sərhəddini keçənə qədər bu məlumat təqdim olunmalıdır. İran İslam Respublikasının sərhəd keçid məntəqəsi ilə-Astara gömrük keçid məntəqəsi arasında məsafəsi cəmi 10 km təşkil edir. Yük qatarla gəlir və onlardan asılı olmayan səbəbdən qatarın ləngidilməsi mümkün deyildir. Həmin az vaxt ərzində Qısa idxal Bəyannaməsi yazılıb, ödənilib sistemə daxil edilməlidir. Vaxt az olduğundan bu halda texniki məsələlərdən asılılıq böyükdür. Yük tırlar ilə gətirəndə müəyyən qədər sürücünü sərhəddə saxlatmaq olur və belə problemlər yaranmır. Qatar-vaqon məsələsində isə bu onlardan asılı olmur. Eyni zamanda hesab edir ki, ölkə X7 Əliyevin rəhbərliyi ilə, hazırda ölkəmizdə aparılan iqtisadi islahatlara əsasən sahibkarların dəstəklənməsi, maneələrin aradan qaldırılması məsələsi prioritet sahələrdəndir. Şirkətləri öz fəaliyyəti ilə həm ölkəmizin büdcəsinə X9 və digər ödəmələr etməklə, büdcəyə əlavə vəsait ödənilməsinə, həm də daxili tələbatın ödənilməsinə, məhsul istehsalının artırılmasına öz töhfələrini verirlər. Qeyd olunanları, bu halın qəsdən baş vermədiyini, elektron sistemdə baş verən texniki problemlərlə əlaqədar olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5 da X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüququ şəxsin qanuni təmsilçisinin izahatı və işdə olan digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan **********5689 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şəxs MMC-nin ünvanına BƏƏ-dən “təkrar emal olunmuş, şəffaf görünüşlü Kanisdr, salafan-paket və s. istesahlı üçün etilen polimerlərinin plastik qranulları” yükü daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İş materiallarına əlavə edilmiş HÖP mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:15-də Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postundan keçirilməklə ölkə ərazisinə daxil olmuş mallar üzrə xx.xx.2023-cü il tarixli “qısa idxal bəyannaməsinin” 47-ci xanasında göstərilmiş gömrük yığımı məbləğini təşkil edən 35 manat 40 qəpik vəsait mallar ölkə ərazisinə daxil olduqdan sonra həmin tarixdə saat 00:31 dəqiqədə ödənilmiş, qısa idxal bəyannaməsi isə gömrük orqanına xx.xx.2023-cü il tarixdə saat 00:55-ci dəqiqədə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarının 1.1-ci bəndində - “Gömrük yığımlarının məbləğləri” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiksal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Maddənin məzmunundan da göründüyü kimi ölkə ərazisinə gətirilən mallar üzrə qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən öncə elektron qaydada qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilməlidir. Lakin iş materiallarından da görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 29022233 nömrəli vaqonla göndərilmiş “etilen polimerlərinin plastik qranulları" yükü xx.xx.2023-cü il tarixli, **********5689 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixdə saat 00:15də Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postundan keçirilməklə ölkə ərazisinə daxil olmuş, həmin mallar üzrə qısa idxal bəyanaməsinin verilməsi üçün “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarı ilə müəyyən edilmiş gömrük yığımı məbləği həm də qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olduqdan sonra müvafiq olaraq xx.xx.2023cü il tarixdə, saat 00:31 dəqiqədə və xx.xx.2023-cü il tarixdə, saat 00:55 dəqiqədə gömrük orqanına verilmiş, nəticədə inzibati xəta hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar