Məhkəmə qərarları › İş №3(060)-1338/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1338/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1338/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və direktoru X1, Protokol tərtib etmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 19 may 2023-cü il tarixli, 00100-01172/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən MİZAN GROUP MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə əsasən tərtib edilmiş 19 may 2023-cü il tarixli, 00100-01172/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, MİZAN GROUP MMC (VÖEN **********) tərəfindən 10 dəst divan önü oturma mebeli (PUF) mətbəx mebel dəstini bəyan etməmiş, faktiki sayı 324 ədəd olan mətbəx üçün taxtadan masalar yükünün sayını xx.xx.2023-cü il tarixli **********4650 sorğu nömrəli gömrük bəyannaməsində 94 ədəd az göstərmkələ və faktiki sayı 1040 ədəd olan taxta karkaslı oturacaq mebel stullarının sayını **********4650 sorğu nömrəli gömrük bəyannaməsində 120 ədəd az göstərməklə gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların sayı barədə düzgün olmayan məlumatlar göstərmiş, yəni düzgün bəyan etməmişdir. Buna görə də MİZAN GROUP MMC Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-MİZAN GROUP MMC-nin direktoru X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-ni təsis etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarı fəaliyyət göstərir. Şəxs MMC rəsmi fəaliyyət göstərən şirkətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəsmi qeydiyyatdadır və sadələşdirilmiş vergi ödəyicisidir. Sədərək ticarət mərkəzi 10A, 40-41 mağazada mətbəx stol-stullarının satışı ilə məşğul olur. Türkiyə Respublikasında qeydiyyatda olan “X7 Karem Dış Ticaret” Şirkətindən mətbəx stol-stulu sifariş vermişdir. Göndərən ixaracatçı şirkət malları və ona uyğun sənədləri səhv göndərmişdir. Belə ki, növbəti partiya gəlməli olan malları bu dəfə sifariş elədiyi malların içərisinə qoymuş və bu barədə ona məlumat verməmişdir. Şəxs MMC-nin adına daxil olan mallar 03 aprel 2023-cü il tarixdə **********4650 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Şəxs MMC-nin adına Türkiyə Cümhuriyyətindən 99UR246/99ZG536 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində FT**********0018 saylı xx.xx.2023-cü il tarixli invoys əsasında daxil olan və **********4650 aorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yükə gömrük yoxlaması həyata keçirilən zaman **********4650 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində mətbəx üçün taxtadan masa 230 ədəd bəyan edilsə də faktiki 324 ədəd, 2-ci mal mövqeyində taxta karkaslı oturacaq mebellər 920 ədəd bəyan edilsə də faktiki 1040 ədəd olduğu müəyyən edilmişdir. Bundan əlavə **********4650 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunmayan 10 dəst divan önü oturma mebelei (PUF) aşkar edilmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 tərtib etdiyi protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, MİZAN GROUP MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də MİZAN GROUP MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasında “mətbəx üçün taxtadan masa və taxta karkaslı üzlənmiş oturacaq mebellər” yükü daxil olmuş, lakin gömrük bəyannaməsində daxil olan malların miqdarı aşağı miqdarda göstərilmişdir. İş materiallarında olan məhkəmə-əmtəə ekspertizasının 9/3293 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xx.xx.2023-cü il tarixə ümumi orta bazar qiyməti təxminən 18000,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 10 dəst divan önü oturma mebeli (PUF) mətbəx mebel dəstinin orta bazar qiyməti 5000 manat və gömrük orqanına düzgün bəyan edilməyən 94 ədəd mətbəx üçün taxtadan masaların orta bazar qiyməti 9400 manat, 120 ədəd taxta karkaslı oturacaq mebel stulların orta bazar qiyməti 3600 manat olmaqla 3 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 18000 anat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, MİZAN GROUP MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, MİZAN GROUP MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 5000,00 manat təşkil edir. Ona görə də, MİZAN GROUP MMC-yə həmin məbləğin qırx faizindən altmış faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs MİZAN GROUP MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi məbləğində (5000,00 manat X 50%), yəni 2500,00 (iki min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar