Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1339/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, 04 mart 2025-ci il tarixdə onun mobil nömrəsinə mesaj gələrək xx.xx.2025-ci il tarixdə saat 17:12-də idarə etdiyi **- LA-*** nömrəli avtomobilinin 50 azn, 2 bal cərimə olunduğu bildirilmişdir. Sms vasitəsilə gələn mesajın tarixlərində uyğunsuzluq olması onda müəyyən şübhələr yaratdığı üçün və həmin vaxt o, avtomobil idarə etmədiyi üçün dərhal məsələni araşdırmaq məqsədilə sms radar mobil tətbiqinə daxil olmuş və orada bu barədə heç bir məlumatın olmamasını görmüşdür. Cərimə olunma saatı ilə smsin gəlmə vaxtı arasında uyğunsuzluğun olması, eyni zamanda mobil tətbiqdə də heç bir məlumat aşkarlamadığı üçün səhvlik olduğunu düşünmüşdür. Lakin, təxminən 2 -3 saat sonra mobil tətbiqə də bu barədə məlumat gəldiyini görmüş, mobil tətbiqi tədqiq edərkən onun idarə etdiyi avtomobil barədə məlumatın olmadığını müəyyən etmişdir. Onun idarə etdiyi avtomobilin isə ümumiyyətlə markası, rəngi və s. xüsusiyyətləri əks olunan şəkillərin heç birində avtomobilinin şəkli yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, qərarda göstərilən vaxtda o, Bakı-Quba-Rusiya yolunda avtomobil idarə etməmiş, həmçinin onun sms-radar tətbiqinə heç bir foto və ya video-görüntü göndərilməmişdir. Şikayət verən şəxs şikayətin təmin edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 «KİA SORENTO MİNİK» markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmışdır. Buna görə də sürücü X2 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixində, saat 17:12-də Bakı-Quba-Rusiya yolunun 28-ci km ərazisində “KİA SORENTO” minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən DİN BDYPİ-yə məhkəmə X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə sorğu verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və qeyd edilən icraatla bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, EQ26417378 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1339/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1339/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver