Məhkəmə qərarları › İş №3(060)-1341/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1341/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1341/2024 28.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, “Hyundai” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək göstərdi ki, 28 may 2024-cü il tarixdə, saat 23 radələrində mülkiyyət hüququ ilə özünə məxsus Hyundai minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində hərəkətdə olan zaman reyd əsasında saxlanılmış, ona yaxınlaşan yol patrul xidməti inspektoru ondan içkili olub-olmaması barədə soruşduqda, sonuncuya sərxoş olmadığını bildirmiş, daha sonra inspektor əli ilə yoxlama aparmış, ondan spirtli içki qoxusu gəldiyini, bu səbəbdən onunla yoxlama üçün getməli olduğunu bildirmişdir. O, heç bir etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə getmişdir. Onu Sumqayıt şəhəri, Novxanı dairəsindən sağa üzü Bakı şəhəri, Binəqədi rayonuna gedən istiqamətdə reyd keçrilən yerə aparmış, orada polis əməkdaşının təklifi ilə alkotesterdən keçdikdən sonra alkotesterin nəticəsinə görə spirtli içki qəbul etməsi müəyyən edilmiş, idarə etdiyi avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində öz təşəbbüsü ilə Sumqayıt şəhərində yerləşən narkoloji mərkəzə yaxınlaşmış, sərxoş olub-olmamasını yoxlamaq üçün müraciət etmiş, orada alkoqol qəbul faktı müəyyən edilsə də, sərxoş olmadığı, ayıq olduğu müəyyən edilmiş və bu barədə müvafiq tibbi müayinə protokolu ona təqdim edilmişdir. Bildirir ki, saxlanılan zaman spirtli içkinin təsiri altında olmamış, o, saxlanılmamışdan bir gün öncə spirtli içki qəbul etmişdir. O, ilk dəfədir ki, belə bir hal ilə rastlaşdığından nə edəcəyini bilməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq Şəxs bildirmişdir ki, alkotesterin nəticəsindən narazı qalsa da, bu barədə yol patrul xidməti inspektoruna heç bir söz deməmiş, onu həkim müayinəsinə aparılması üçün tələb irəli sürməmişdir. Belə ki, alkotesterlə yoxlanışdan sonra avtomobili xüsusi mühafizə olunan duracağa yerləşdirildikdən sonra 29 may 2024-cü il tarixdə tibbi müayinədən şəxsi təşəbbüsü keçmiş, müvafiq akt əldə etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhəri Narkoloji Dispanserin həkim-feldşeri Şahid bildirdi ki, 29 may 2024-cü il tarixdə xidmətdə olan zaman bir nəfər vətəndaş ona yaxınlaşmış, sərxoş olub-olmamasını yoxlamaq üçün müraciət etmiş, onu müayinədən keçirdikdən sonra müvafiq tibbi müayinə protokolu tərtib etmişdir. Bildirir ki, 1 saat ərzində ən yaxşı halda 0.15 promil spirtli içki insan bədənindən sovrula bilir. Qeyd edir ki, Şəxs qanında alkotesterin nəticəsinə əsasən spirtli içkinin miqdarı 1.993 promil olmuş olduğunu nəzərə alsaq 28 may 2024-cü il tarixdə saat 23:05-dən 29 may 2024-cü il tarixə saat 02:05-dək keçən təxminən 3 saat müddətində azalma 1.5 promilədək ancaq ola bilərdi, hətta 1 promilədək enməsi qeyri mümkün olardı. Əlavə olaraq bildirir ki, spirtli içki qoxusunun gəlməməsi üçün adətən həmin içkini qəbul etmiş şəxlər antipoliçay adlanan məhluldan istifadə edirlər, lakin spirtli içki qəbul etmiş şəxs o maddəni qəbul etsə belə yoxlama zamanı qanda spirtli içki qəbul etmə faktını aşkar etmək olur. İş materiallarında və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Alkotesterin nəticəsinə dair protokoldan görünür ki, sürücü xx.xx.2024-cü il tarixdə saat 23:05-də alkotesterdən keçirilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 1.993 % promil olmuşdur. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Hyundai minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təhvil verilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilən “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, sonuncu xx.xx.2024-cü il tarixdə saat 02:05-də müayinə olunmuş, müayinə zamanı sonuncuda alkoqol qəbul faktı olduğu, sərxoşluq vəziyətində olmadığı müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq, məsuliyyətini yüngülləşdirmək üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol, o cümlədən iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 1.993 % olduğundan o, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə xx.xx.2024-cü il tarixli protokolda aparılan yoxlama zamanı sərxoşluq vəziyətində olmadığı qeyd olunsa da, məhkəmə hesab edir, alkotesterlə aparılan yoxlamanın vaxtı ilə (xx.xx.2024, saat 23:05), Şəxs öz təşəbbüsü ilə aparılmış müayinənin vaxtı (xx.xx.2024, saat 01:05) arasında təxminən 3 saatdan bir az artıq müddət keçmiş, həmin müddətdə sərxoşluğun hər hansı formada aradan qalxamasının mümkünlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdə Şəxs alkotesterin nəticəsi ilə razı olmaması barədə hər hansı qeyd aparmamış, əksində inzibati xəta haqqında protokolda protokol ilə tanış olduğunu, məhkəmədə iştirak edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs əməlini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, sonuncunun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar