Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1344/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, DİN Baş Dövlət Yol Polisi xx.xx.2025-ci il tarixli TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat 3 bal məbləğində cərimə olunmuşdur. Hadisə zamanı o, yolayrıcında dayanıb əks istiqamətdən gələn nəqliyyat vasitələrinə yol vermiş, qarşıdan gələn Toyota markalı avtomobilin dayandığını görüb yolayrıcına daxil olmağa meyllənmişdir. Bu zaman Toyota markalı avtomobil öz solunda dayanan Mercedes markalı avtomobilə yol vermişdir. O, gəldiyi istiqamətdən birbaşa yolayrıcına daxil olmadığını bildirmişdir. Orda gözlədikdən və qarşıdan gələn nəqliyyat vasitələrinin dayandığını gördüyü üçün yolayrıcına daxil olmuşdur və yolayrıcını keçərkən qarşıdan gələn nəqliyyat vasitəsi tam şəkildə dayanmışdır. Bu səbəbdən o, təhlükəsizlik prinsiplərinə əsaslanaraq sola dönmə manevrini etibarlı şəkildə həyata keçirmişdir. Həmçinin, yolayrıcını keçdiyi anda heç bir nəqliyyat vasitəsinin hərəkətinə maneə olmamış və heç bir kəskin tormozlama halı baş verməmişdir. Qarşıdan gələn avtomobillərin dayanmış vəziyyətdə olması onun keçidini məhdudlaşdırmadığından, hər hansı təhlükəli vəziyyət yaranmamış və yol hərəkəti qaydalarının mahiyyəti pozulmamışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək bildirmişdir ki, icra hakimiyyəti tərəfdən əşya bazarına tərəf gələndə yol polis əməkdaşları onu saxlayıb manevr qaydalarını pozduğunu bildirmişlər. O, polis əməkdaşlarına avtomobilini yolayrıcında saxladığını və yol boşaldıqdan sonra dönmə əməliyyatını həyata keçirdiyini bildirmişdir. Polislər onu saxladıqda videogörüntünü göstərmiş, o isə polislərin onu görmədiyini və onun gözləyib sonra yolayrıcına daxil olduğunu söyləmişdir. xx.xx.2025-ci il tarixində ona cərimə yazılmış və heç bir sənəd təqdim edilməmişdir. Sms radar tətbiqinə də video gəlməmişdir. O, qərarı 05 iyun 2025-ci il tarixində almışdır. O, faktiki olaraq yolayrıcında dayanıb daha sonra dönmə əməliyyatını etdiyini bildirmişdir. Bu səbəbdən də şikayətinin təmin olunmasını və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, inzibati xəta hadisəsi ilə əlaqədar qeydə alınmış video çəkilişi məhkəməyə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, video çəkilişə baxış keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 həmin tarixdə, saat 16:25-də “BMW X5 PLUG- İN HİBRİD MİNİK” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt şəhər DYPŞ tərəfindən məhkəməyə göndərilmiş video çəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, “BMW X5 PLUG-İN HİBRİD MİNİK” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolayrıcından sola manevr etmiş və daha sonra düzünə hərəkətini davam etdirmişdir. Qeyd edilən görüntü qarşı tərəfdən çəkildiyi məhkəmədə üçün həmin avtomobilin yolayrıcını keçmə qaydaları pozmasının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Hazırki iş üzrə “BMW X5 PLUG-İN HİBRİD MİNİK” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünün Bakı küçəsində yolayrıcını keçmə qaydalarını pozmasının məhkəməyə təqdim edilmiş video çəkiliş zamanı qeydə alınmış görüntü vasitəsilə müəyyən etmək mümkün deyildir. Eyni zamanda, sürücü yolayrıcında dayanaraq digər avtomobilləri gözləyib, həmçinin Toyota markalı avtomobilə yol verib, yol hərəkəti qaydalarına əməl edərək yolayrıcını keçdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş video çəkiliş zamanı qeydə alınmış görüntüdən X2 yolayrıcını keçmə qaydalarını pozmasını müəyyən etmək mümkün olmadığından, inzibati tənbeh vermə haqqında qərar qəbul eidlərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından, yuxarıda qeyd edilən halların araşdırılması üçün X2 barəsində qəbul edilmiş Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP7262110 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-1344/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1344/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver