Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1348/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 2ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1961-ci ildə, Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, vət.Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40 radələrində Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsində polisin qanuni tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Əliyev X2 qəsəbəsi ərazisində yaşayır. Onun həmin ərazidə 6 sot torpaq sahəsi var. O, həmin torpaq sahəsini hasara aldığından sənədlərini təqdim etməsi üçün xx.xx.2024-cü il tarixdə polis bölməsinə dəvət olunmuşdur. Ondan izahat alınmışdır. İzahat alındıqdan sonra o, həmin izahatı imzalamayacağını bildirmişdir. Səbəb olaraq da daha əvvəl iki dəfə izahat vermiş, imzalamış və 300 manat, 500 manat olmaqla, ona cərimə yazıldığını göstərmişdir. O, izahata imza atmayaraq polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs vəkil tələb etmişdir. Həmin vaxt isə vəkilə ehtiyac olmadığından vəkillə təmin edilməmişdir. Daha sonra o, inzibati binanın içərisində səs-küy salmağa başlamışdır. Növbətçi hissə iş rejiminin pozulması ilə bağlı olaraq akt tərtib etmişdir. Odur ki, xəstəliyini nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, onun barəsində tərtib olunan heç bir materialla tanış olmamışdır. Barəsində tərtib olunan protokolun tərtib edilmə səbəbini bilmir. O, polis bölməsinə dəvət edilmiş və izahatı alınmışdır. Lakin izahatı imzalamamışdır. Hüquqi dili bilmədiyi üçün sənədlərin oxunması məqsədilə vəkil tələb etmiş, lakin vəkillə təmin edilməmişdir. Polis bölməsində ona qarşı nalayiq ifadələr işlənmiş, təhqir olunmuşdur. Orada halı pisləşmiş, təcili tibbi yardım çağırılmasını xahiş etmişdir. Lakin köməklik edilməmişdir. Onun tərəfindən polisə tabesizlik göstərilməmişdir. O, sadəcə vəkil tələb etmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin təhqiqatçısı Taleh Abdullayev bildirmişdir ki, hadisə günü özü təhqiqatçı kimi əməliyyat qrupunda olmuşdur. Müvəqqəti saxlama yerindən səs-küy gəlmişdir. Orada polis əməkdaşları və Şəxs var idi. Özü qısa bir fraqmentin şahidi olmuşdur. Şəxs həmin an verdiyi izahatı imzalamaqdan imtina edir və vəkil tələb edirdi. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili X5 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməliyyat qrupunda olmuşdur. O, inzibati binada səsküy olduğunu eşidərək xidməti otağından çıxmış, həmin səs-küy olan yerə getmişdir. Bu zaman Şəxs mübahisə etdiyinin şahidi olmuşdur. O, Şəxs yaxınlaşaraq onu nizamintizama dəvət etmişdir. Şəxs qanuni tələblərə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. Növbətçi hissə tərəfindən akt tərtib edilmiş, akt əməkdaşlar tərəfindən imzalanmışdır. Daha sonra polisin qanuni tələbinin pozulması ilə bağlı protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkilhüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11.06..2024-cü il tarixdə, saat 10:45-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarix, saat 16:00-da azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2024-cü il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Belə ki, məhkəmədə dindirilmiş inzibati protokolu tərtib edən şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu, yəni Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə vurğulayır ki, Şəxs konstitusion hüquqları sırasına daxil olan izahat vermək, izahat verməkdən imtina etmək, susmaq, özünə müdafiəçi seçmək və s. təməl hüquqları əsassız tələb üzrə pozula bilməz. Başqa sözlə şəxs barəsində aparılan araşdırma üzrə ona izahat verməyi və ya izahatı imzalamağı məcbur etmək yolverilməz olduğu üçün polisin qanuni tələbi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1348/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1348/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver