Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1348/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 3 bal və 100 manat məbləğində cərimə olunmuşdur. Ona yazılan inzibati xəta haqqında qərarda olan şəkillər Azərbaycan küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Şəhər Təhlükəsizlik kamerasından yuxarı hissədən çəkilmişdir. Eyni zamanda 2-ci şəkildə də şəklin fonunun qaraldığı aydın görünür. Amma o, sürücü olaraq Azərbaycan küçəsindən gələrək Səməd Vurğun küçəsinə çatan zaman sol istiqamətə dönən zaman nişanlanma xətləri onun qarşı tərəfində dayanır. Bu xətlər vaxtlı-vaxtında yenilənmədiyi üçün xarici təsirlərdən, yəni yağışdan, sudan, maşın təkərlərinin sürtünməsindən və həmin vaxt günorta saat 14:35-də günəşin qarşıya düşməsindən demək olar ki, 20-30% ala yarımçıq görünür. Buna görə də xətlənmə aydın görünmədiyi üçün xətlərin üzəri qaraltılı olduğu üçün həmin xətti qırıq-qırıq xətt zənn etdiyi üçün avtomobili həmin xəttin üzərindən sürmüşdür. Bunu video görüntülər də sübut edir. Video görüntülərdən həqiqətən də həmin xətlərin görünməz dərəcədə olduğu müəyyən edilir. Göründüyü kimi, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda ziddiyyət mövcuddur. Bu zaman məsuliyyət sürücünün deyil, DYP-nin Siqnal idarəsinin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:35 radələrində “Toyota Prius (Hibrid)” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuş, bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Toyota Prius (Hibrid)” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.3 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq sola dönmə qaydalarını pozmuşdur. Həmin foto şəkillərə əsasən yolda olan müvafiq nişanlanma xətləri bir qədər solğunlaşmış olsa da, bütün hərəkət iştirakçıları üçün aydın və rahat görünə biləcək vəziyyətdədir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, inzibati xətanın qeydə alındığı Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Toyota Prius (Hibrid)” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə əməliyyatını icra etdiyi yerdə 1.3 üfüqi nişanlanma xətti mövcuddur. Həmin video görüntülərə əsasən yolda olan müvafiq nişanlanma xətləri bir qədər solğunlaşmış olsa da, bütün hərəkət iştirakçıları üçün aydın və rahat görünə biləcək vəziyyətdədir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X3 idarə etdiyi avtomobillə 1.3 üfüqi nişanlanma xəttini kəsərək sola dönmə əməliyyatı etməsini özü də etiraf etmişdir. Yalnız, bu halın onun təqsiri səbəbindən deyil yolun nişanlanma xətlərinin aydın və rahat görünməməsi səbəbindən baş verməsini bildirmişdir. Lakin, iş materiallarına əlavə edilmiş hadisənin qeydə alındığı vaxt çəkilmiş foto şəkillərə və şikayətçinin özünün təqdim etdiyi hadisə yerinin video görüntülərinə əsasən yolun nişanlanma xətlərinin bütün hərəkət iştirakçıları üçün aydın və müvafiq məsafədən rahat görünə biləcək vəziyyətdə olması müəyyən edilmişdir. Beləliklə də X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 3-cü bəndinə əsasən 1.3 üfüqi nişanlanma xətti - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır. Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 - 1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28157590 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1348/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1348/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver