Məhkəmə qərarları › İş №3(060)-135/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-135/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-135/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən AZ5022, ünvan 1 ünvanında yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 23 noyabr 2020-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “xxxx” MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının auditi 2019-cu ildə aparılmamışdır. İnzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 16.12.2020-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” MMC-yə 04 noyabr 2020-ci il tarixdə yazılı surətdə bildiriş göndərilmiş, 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə barəsində 23 noyabr 2020-ci il tarixdə protokol tərtib edilmişdir. “xxxx” MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, “xxxx” MMC barəsində 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsinə görə 23 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törədilmiş inzibati xətanı etiraf edir, buna görə də qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirdi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “xxxx” MMC-yə 04 noyabr 2020-ci il tarixdə yazılı surətdə bildiriş göndərməklə, 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə Azərbaycan Rerspublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə gəlmələri xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin fərmanının 4.37. həmin Məcəllənin 462.1 (birinci halda) və 465-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-ci maddəsinə Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin sanksiyası çərvəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ5022, ünvan 1 ünvanında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar