Məhkəmə qərarları › İş №3(060)-1350/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1350/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1350/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjantı X2, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Toğrul Zakirli şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Toğrul Zakirli şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşı tərəfindən əsassız olaraq barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolla və ümumiyyətlə inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmasa da barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən X3 şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünəməxsus “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Dörd Qardaş restoranın yanından Sumqayıt Bulvarına gedən yolda “stop” qadağan edici nişanı var. O, yolayrıcında ikinci maşın kimi hərəkətdə olmuş, qarşısında olan nəqliyyat vasitəsi dayanmış, daha sonra hərəkət etmiş, o da, qarşısında olan nəqliyyat vasitəsinin arxası ilə yolun boş olduğuna əmin olduqdan sonra hərəkətini davam etmişdir. Bundan sonra yol polis əməkdaşları onu saxlayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Qeyd olunanların nəzərə alınmasını və Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis serjantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində xidmətdə olan zaman Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisindən Sumqayıt Bulvarı istiqamətdə hərəkətdə olan “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti” haqqında AR Qanunun 77-ci maddəsinin tələblərini pozduğuna görə saxlamış, ona İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bildirir ki, Novxanı qəsəbəsindən “Dörd Qardaş” restoranı istiqamətinə gələn yol baş yoldur. Yolayrıcına daxil olmuş “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 77-ci maddənin tələblərinə əməl etməmiş, sağdan gələn ağ rəngli “Niva” markalı nəqliyyat vasitəsinə yol verməmiş, bu səbəbdən mübahisələndirilən qərarı qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır. Qeyd olunanların nəzərə alınmasını, şikayətin təmin edilməməsini, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş, baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman yolayrıcına daxil olan “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün “stop” qadağanedici nişanın tələblərinə əməl etmədiyi, sağ tərəfdə hərəkətdə olan ağ rəngli “Niva” markalı nəqliyyat vasitəsinə yol vermədiyi, hərəkətinə davam etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddənin İ hissəsin görə yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Həmin Qanunun 63-cü maddəsinin İ hissəsinə görə Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun əlavəsinə görə Üstünlük nişanlarından biri də “Stop-dayanmadan keçmək qadağandır” işarəsidir. Həmin Qanunun 77-ci maddənin İ hissəsinə görə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə iclasında tədqiq edilmiş baş vermiş hadisənin görüntüsünü əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman məlum olmuşdur ki, sürücü T.Zakirli üstünlük nişanlarından olan “Stop-dayanmadan keçmək qadağandır” işarəsinin tələblərinə pozmuş, həmin üstünlük nişanından əvvəl normativ tələblərə əsasən dayanmalı olduğu halda dayanmamış, baş yolda hərəkətdə olan ağ rəngli “Niva” markalı nəqliyyat vasitəsinə yol vermədən hərəkətinə davam etmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X1 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Hadisənin baş vermə görüntüsünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar