Məhkəmə qərarları › İş №3(060)-1362/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1362/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1362/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 70 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 08 aprel 2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 08.04.2021-ci il tarixdə saat 12:35 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 70 ünvanında yerləşən H/Ş Şəxs MMC-yə məxsus “Diva Spa” gözəllik və spa mərkəzində işçi X1 tibbi maskadan istifadə etməməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 08 aprel 2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında bildirdi ki, “Diva Spa” gözəllik və spa mərkəzində reception vəzifəsində işləyir. Hadisə zamanı mətbəxdə çay içdiyi üçün maskanı çıxartmışdı. Bundan daha öncə də Şəxs MMC-nin direktoru Talıbova Xuraman və meneceri Əliyeva Sevda tərəfindən hər gün bütün işçilərə epidemiya qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilmiş və bununla bağlı 30.03.2021-ci il tarixli Şəxs MMC tərəfindən tərtib olunmuş əmr də mövcuddur. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında bildirdi ki, “Diva Spa” gözəllik və spa mərkəzində menecer vəzifəsində işləyir. O və Şəxs MMC-nin direktoru Talıbova Xuraman karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməsi ilə bağlı hər gün müəssisənin işçilərinə xəbərdarlıq etmişdir. Bununla bağlı olaraq hətta ona da 29.03.2020-ci il tarixində Şəxs MMC tərəfindən tərtib olunmuş əmr verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında şahid X1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə edilmiş 29.03.2020 və 30.03.2021-ci il tarixli Şəxs MMC tərəfindən tərtib olunmuş əmrlərdən müəyyən olunur ki, “Diva” Spa estetik mərkəzində işləyən bütün işçilərə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl etmək və iş vaxtı tibbi maskadan istifadə etmək bildirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2021 saylı, 05.05.2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2021 saylı, 22.07.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2021 saylı, 05.05.2021-ci il tarixli qərarından Şəxs MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2021 saylı, 29.07.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1362/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Şəxs MMC tərəfindən şikayət verilmə müddəti üzrlü səbəbdən buraxılmış hesab olunmaqla bərpa olunmuş və qərardan verilmiş şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-507/2021 saylı, 22.09.2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə, yəni məhkəmə baxışına qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 08 aprel 2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.6-2-ci bəndinə görə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, şahidlərin ifadələrindən və iş materiallarından müəyyən olunur ki, X3 Şəxs MMC-yə məxsus Diva Spa gözəllik mərkəzində 29.03.2021-ci il tarixindən resepşin vəzifəsində çalışır və epidemiya əleyhinə rejimin qaydalarına riayət olunması barədə işlədiyi cəmiyyətin rəhbərliyi tərəfindən onlara xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, iş materiallarında olan əmrlərdən və şahid ifadələrindən müəyyən olunur ki, Şəxs MMC rəhbərliyi işçilərini epidemiya əleyhinə rejimin qaydalarına riayət olunması barədə xəbərdarlıq etmişdir. Bu halda işçilərin rəhbərliyin xəbərdarlıqlarına əməl etməməsi hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması kimi qiymətləndirilə bilməz. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs MMC-nin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində 08 aprel 2021-ci il tarixdə, MN № ******* №-li inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 70 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar