Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1367/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəh., anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu Şəxs edilən xəbərdarlıqlara baxmayaraq üzürsüz səbəbə görə icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2 ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 ədəd 750 əyar İtalyan markalı klon, 2 ədəd 585 əyar Türk markalı klon və 1 ədəd 585 əyar Türk markalı qızıl kompekt və ya onların dəyəri olan 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına qəbul edilmişdir. 04 may 2023-cü il tarixdə borclu İcra İdarəsinə dəvət edilmiş, tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmiş, borclu və tələbkar idarəyə dəvət edilmişdir. Borclu icra sənədi üzrə borcundan hər ay 50 manat ödəmək istədiyini bildirsə də, tələbkar buna razı olmamışdır. Elektron İcra İnformasiya sistemində borclunun “Sumqayıt Tibb Mərkəzi” X5-də xadimə işlədiyini aylıq əmək haqqısının sistemdə 748.0 manat olduğunu müəyyən etmiş, lakin icra sənədi üzrə tələbin borclunun əmək haqqına yönəldilməsinin ən sonuncu icra tədbiri olduğunu hesab etdiyinə görə bu istiqamətdə hər hansı zəruri icra hərəkətləri aparmamış, borclunun icra məmurunun qanuni tələbin yerinə yetirmədiyinə əsaslanaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin borclunun faktiki olaraq yaşadığı ünvana baxış keçirməmiş, borcluya məxsus 3-cü şəxslərdə olan tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması barədə hər hansı icra tədbiri həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun Sumqayıt şəhər Məhkəməsinin 2(060)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən məlumatı var. Bundan öncə hissə-hissə ödəniş edə bilməsi ilə əlaqədar tələbkara müraciət etsə də, tələbkar razı olmamışdır. Belə ki, o, tələbkara 800 manat verə biləcəyini, qalan borcu isə hissə-hissə ayda 50 manat olmaqla ödəniş edəcəyini söyləsə də, tələbkar razılamamışdır. O, hazırda “Sumqayıt Tibb Mərkəzi” X5ində xadiməçi olaraq çalışır, bildirdiyinə görə 415 manat əmək haqqı alır. İcra sənədi üzrə tələbin daha çox miqdarda olmamaq şərtilə əmək haqqından tutulmasına etiraz etmir. İcra sənədində qeyd olunan qızıl-zinyət əşyaları artıq onda deyil, satılmışdır. Borcun ödənilməsindən yayınmır. O, hazırda anası ilə birlikdə yaşayır və himayəsində 01 azyaşlı xəstə övladı var. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-402/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə Şəxs ona 2844 (iki min səkkiz yüz qırx dörd ) manat borcu vardır. Borclu bu müddət ərzində heç bir ödəniş etməmişdir. Borcun hissə-hissə ödənilməsinə razı deyil, borcun tam olaraq ödənilməsini tələb edir. Şəxs hər hansı müəssisədə işləməsi və ayda 748.0 manat əmək haqqı alması barədə məlumatı olmamışdır. Borcludan şikayətçidir, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, icra məmuru tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş zəruri icra hərəkətləri həyata keçirilməmiş, eyni zamanda Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-402/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, xx.xx.2023-cü il tarixdə borcluya həmin sənədlər şəxsən təqdim edilmişdir. Həmin tarixdə borclunun izahatı alınmış, çağırışlara vaxtında gələcəyi barədə Şəxs həmin tarixdə icra məmuru tərəfindən əlavə olaraq iltizam alınmışdır. Borclu izahatında tələbin könüllü icrası barədə bildişi və qərarı xx.xx.2023-cü il tarixdə qəbul etdiyini, borcun ödənilməsindən yayınmadığını, hər ay 50 manat ödəyə biləcəyini, eyni zamanda Sumqayıt şəhəri X4 xəstəxanasında xadimə işlədiyini hər ay 415 manat əmək haqqı aldığını bildirmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli izahatında da borclu eyni məzmunlu izahat verdiyi, öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmadığını bildirdiyi müəyyən edilmişdir. Göründüyü kimi borclu tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi və ya borcun ödənilməməsi ilə bağlı heç bir üzrsüz hal nümayiş etdirilməmişdir. Tələbin borclu tərəfindən ödənilməsi istiqamətində icra məmuru tərəfindən “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən, o cümlədən qanunun tələbi nəzərə alınmadan əsassız olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxsnun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “İcra haqqında” AR qanunun 43.1.2-ci maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi təsbit edilmişdir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Qeyd olunanlardan göründüyü kimi, icra məmuru tərəfindən Şəxs rəsmi gəliri yəni aylıq olaraq 748 manat əmək haqqı aldığı nəzərə alınmadan əmək haqqına tutma yönəldilməmiş, faktiki olaraq yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmasını müəyyən etmək məqsədilə həmin ünvana baxış keçirilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi.
1. Şəxs öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2. bu hərəkətlərin zərəli nəticələrini qabaqcadan görməsi. 3. bu nəticələri arzu etməsi 4. belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Göründüyü kimi borclu tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Belə ki, Şəxs həm İcra İdarəsində həm də məhkəmə iclasında vermiş olduğu izahatlarında borcun ödənilməsindən yayınmadığını, himayəsində bir azyaşlı övladını tək olaraq böyütdüyünü bu səbəbdən hər ay 50 manat ödəyə biləcəyini, əmək haqqısından tələbkarın xeyrinə tutulma aparılmasına etiraz etmədiyini bildirmişdir. O, qanunvericiliyin tələblərindən yayınmamış, ödənişləri vaxtı-vaxtında ödəmək istəyini öz iradəsi ilə bəyan etmiş, lakin bu istiqamətdə heç bir icra tədbiri həyata keçirilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ramiz Quliyev