Məhkəmə qərarları › İş №3(060)-1368/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1368/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1368/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 25 may 2022-ci il tarixli, 00700-0099/22 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Taffofinans MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrinə əsasən tərtib edilmiş 25 may 2022-ci il tarixli, 00700-0099/22 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Taffofinans MMC (VÖEN **********) gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan vaqonlara tətbiq edilmiş plombların qırılması və cəmi 26000 kq kvarsit yükünü gömrük orqanının icazəsi olmadan boşaltmaqla Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Taffofinans MMC-nin və protokol tərtib etmiş şəxs Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Taffofinans MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Taffofinans MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, Taffofinans MMC-nin ünvanına İran İslam Respublikasından 260000 kq “Kvarsit” yükü daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Taffofinans MMC-nin ünvanına İran İslam Respublikasından 19 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi əsasında 62615760, 62198858, 62616834 və 62198841 nömrəli vaqonlarda daxil olan və Sumqayıt Baş Gömrük İdarəsində **********7599nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında bəyan edilən 260000 kq “kvarsit (daşlar)” yükünün təyinatı Sumqayıt Baş Gömrük İdarəsi olan, boşalma yeri Sumqayıt Dəmiryol Stansiyası qeyd olunduğu halda vaqonlar Sumqayıt Dəmiryolu Stansiyasından Sumqayıt terminalına daxil olmamışdır. Gömrük nəzarətindən kənar, gömrük xidməti vəzifəli şəxsin iştirakı olmadan yüklər boşaldılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə-fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Taffofinans MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Taffofinans MMCyə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə hüquqi şəxslər üçün 1000 manat məbləğdə cərimə nəzərdə tutulmuşdur. Ona görə də, Taffofinans MMC-yə 1000 manat məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs Taffofinans MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar