Məhkəmə qərarları › İş №3(060)-137/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-137/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-137/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 2 saylı ərazi vergilər baş idarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Şəxs MMC barəsində 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 211.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 17.12.2021-ci il tarixdə saat 13:20-də ünvan 1ndə yerləşən ərzaq mağazasında işçilərin karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə etmədiyi müəyyən edilmişdir. Həmin protokolla bağlı inzibati material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və 14 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir Məhkəmə materialı araşdırıb qeyd edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında işçilərin karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə etmədiyi qeyd olunsa da, lakin inzibati xəta haqqında protokol direktor Turcu Adəm barəsində tərtib edilmiş, həmçinin işçilərin şəxsiyyyəti müəyyən edilməmiş, həmin şəxslərin həqiqətən də Şəxs MMC-nin işçiləri olması aydınlaşdırılmamış, məhkəməyə inzibati xəta haqqında protokoldan başqa həmin protokolda qeyd olunanları təsdiq edən heç bir sübut göndərilməmiş, məhkəməyə göndərilən müşayətedici məktubda Şəxs MMC barəsində inzibati xəta haqqında protokolun göndərilməsi qeyd olunsa da inzibati xəta haqqında protokol direktor Turcu Adəm barəsində tərtib edilmişdir. Yuxarıda qeyd edilən kifayət qədər uyğunsuzluqlar hazırki inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol onu tərtib edən orqana geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 2 saylı ərazi vergilər baş idarəsindən daxil olmuş “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti 2 saylı ərazi vergilər baş idarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar