Məhkəmə qərarları › İş №3(060)-137/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-137/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-137/2025 14.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi, fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 14 yanvar 2025-ci il tarixli, MN2089192 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5839/2023 nömrəli icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və nəticədə 950 manat borc yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 5839/2023 nömrəli icra vərəqəsinə əsasən borclu xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icra icraatına başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra barəsində protokol tərtib edilən Şəxs tərəfindən aliment ödənişləri həyata keçirilmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)- 1063/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528ş1ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. Yenidən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-5839/2023 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə 950 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, o, özü də şəkər xəstəsidir. Təkbaşına uşaqların xərclərinin ödənilməsində çətinlik çəkir. Şəxs uşaqlara baxmır. O, uşaqların haqqını tələb etdiyini bildirmiş və qeyd edilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, özünü təqsirli bilmir. O, bir il səkkiz aydır ki, aliment ödənişini yerinə yetirir. Həmin müddət ərzində uşaqlarla cəmi bir dəfə görüşmüşdür. Bundan əlavə zərərçəkmiş şəxs tərəfindən alimentin artırılmasına dair yenidən məhkəməyə müraciət edilmişdir. O, hazırda işləmədiyi üçün aliment borcunu yerinə yetirə bilmir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs hal-hazırda işləmir. Yaxın zamanda iş tapıb aliment borcunu ödəyəcəkdir. Qərar qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5839/2023 nömrəli icra vərəqəsinə əsasən borclu xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X13 oğlunun və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icra icraatına başlamaq haqqında qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 5839/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5839/2023 nömrəli icra sənədinin dərhal icra edilməsi Şəxs tələb olunmuşdur. O, sözügedən bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-294/2024 nömrəli qərardadına əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatı təmin edilərək, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1063/2024 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədi üzrə ödənişlər etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1063/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətə inzibati həbs edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar